Varujan Avetisyan: "Polis bizə qarşı xüsusi əməliyyat keçirib"
Ermənistanın müxalifətyönlü "Parlament təsisatı" qurumunun nümayəndəsi, istefada olan polkovnik Varujan Avetisyan keçirdiyi mətbuat konfransında "DQR" polisinin onlara qarşı vəhşilik törətdiyini bəyan edib. SİA "azatutyn" radiosuna istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən Avetisyanın üzündə xəsarət və döyülmə izləri aşkar şəkildə görünüb. Sabiq erməni polkovniki bildirib ki, insident daha öncədən hazırlanıb və "DQR" polisinin xüsusi əməliyyatçıları tərəfindən həyata keçirilib.
"Onlar bir neçə dəfə havaya, sonra isə yerə atəş açdılar. Bunu Pavel Manukyan, hətta hadisənin şahidi olan balaca uşaqlar da gördülər. Açıq şəkildə görünürdü ki, yerə açılan güllələr sonradan rekoşet (əks-istiqamət-red.) verərək, müxtəlif istiqamətlərə uçurdu.
Avetisyan həmçinin bildirib ki, polis gücləri xüsusi proqram hazırlayaraq, "ASALA"nın keçmiş üzvü, gözdən əlil Alek Yeniqomşyanı oğurlamaq istəyiblər. Lakin onlar Aleki başqası ilə səhv salıblar: "Hadisə zamanı Pavel Manukyanın da eşitdiyi radioəlaqədə söhbətin Aleklə bağlı olduğu məlum oldu. Söhbət təxminən belə olub: "koru tutmusunuzsa, dərhal həyatına son qoyun"".
Qeyd edək ki, qanlı toqquşmanın videoyazıları ictimailəşdirildikdən sonra da "DQR" rəhbərliyi insidenti "təxribat" kimi qiymətləndirib. Ermənistan müxalifəti isə hadisənin əsas sifarişçisinin Serj Sarkisyan olduğunu iddia edir.
sia.az