"Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir"
Heydər Əliyev
İnformasiya cəmiyyətinin sürətlə formalaşdığı və qloballaşmanın vüsət aldığı müasir dövrümüzdə gəncliyin potensialından geniş istifadə olunmasına əlverişli şərait yaradılıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət- gənclər siyasəti gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təminində önəmlidir.
Sovet dövründə Azərbaycana rəhbərilik illərində olduğu kimi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra da gənclər dövlətimizin diqqət və qayğısı əhatəsində olublar. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq vahid gənclər siyasəti hazırlanıb həyata keçirildi.
Müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət-gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
Olduqca təqdirəlayiq və sevindirici haldır ki, 2 Fevral Gənclər Günü ərəfəsində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq edildi. İnkişaf Strategiyasında qeyd edildiyi kimi, Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin hələ XX əsrin 70-ci illərində yaranmışdır. Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində gənclərin məişət, təhsil, mədəni tələbatının ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Bu İnkişaf Strategiyası növbəti 10 ildə Azərbaycan gəncliyini dünyanın ən qabaqcıl sıralarına çıxaracaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına və gələcəyinə böyük inam bəsləyir. Əgər cəmiyyətdə inkişaf mövcuddursa, deməli, o cəmiyyətdə gənclərdə də inkişaf prosesi sürətlə gedir. O zaman onlar intellektual, mənəvi və fiziki cəhətdən sağlam olacaqlar. Azərbaycan gəncliyi öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə edib. Bu günün gəncləri fəaldır. Onlar dövlət qurumlarında, ictimai təşkilatlarda, qeyri - hökumət təşkilatlarında və digər sahələrdə iştirak edirlər və yetərincə də mövqeləri güclüdür. Bu da ilk növbədə ölkə Prezidentinin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Bu gün həyata keçirilən siyasət, uğurlu iqtisadi islahatlar, iqtisadiyyatın inkişaf tempi müasir gənclərin düşüncəsinin formalaşmasına da birbaşa təsirini göstərir. Təbii ki, hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Bu baxımdan təhsil dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlanılır. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Ulu Öndərin təhsil strategiyasını davam etdirən Prezident Cənab İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycanda təhsilə olan diqqətin ən bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Bakı şəhərinin və onun qəsəbələrinin, eləcə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulan tədbirlər planına uyğun olaraq təhsil müəssisələri əsaslı təmir edilib. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. O cümlədən, bir sıra məktəblər üçün əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Yeni məktəblərin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Təkcə 2014-cü ildə 50-dən artıq məktəb tikilib istifadəyə verilib. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Bildiyimiz kimi, XXI əsr sürət, kompyuter - dünyaya çıxış əsridir. Belə bir zamanda təhsil müəssisələrinin sinif otaqlarının kompyuterləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması məktəblilərin təhsilinə müsbət təsirini göstərir. Bütün bu reallıqlar göstərir ki, müstəqil Azərbaycan iyirmi birinci yüzillikdə qlobal inteqrasiya mexanizminə qoşulmuş sivil, demokratik dövlət kimi inkişafını təhsildən kənarda görmür, bu sahələrin inkişafına daim xüsusi diqqət yetirir.
Prezidentin Sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərindəndir.
Təhsilin inkişafında Azərbaycanın Birinci Xanımı Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı" və "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramları uğurla həyata keçirilir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2005-2014-cü illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunub və yenidən qurulub. Məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Demək olar ki, Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan bu dəyişikliklər özünü büruzə verir. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur. Bu uğurlu addım fondun başlıca vəzifəsi olaraq davam etdirilir. Hazırlanmış proqramda da əsas məqsəd ölkəmizin hər bir gəncini daha bilikli, bacarıqlı, geniş dünyagörüşlü görməkdir. Bunun üçün də yetişən nəslin, məhz bu prizmalar çərçivəsində elmi biliklərə yiyələnməsində qarşıya tələb qoyarkən, lazımı şəraitin yaradılmasına da diqqəti çəkmək vacib məsələlərdəndir. Münasib şərait də məqsədin reallaşmasına gətirib çıxarır.
Bugünkü gənclik cəmiyyətimizin ən mühüm tərkib hissəsi olan məktəblərdə formalaşır, onların Ulu Öndərin ideallarına sadiq yetişdirilməsi üçün məktəblərimizin, onların kollektivlərinin də üzərinə çox mühüm vəzifələr düşür. Həyata keçirilən və hər kəsə yetən davamlı dinamik inkişafın nəticəsi olaraq, Azərbaycanın hər yerində olduğu kimi, Xətai rayonununda da çox sağlam, Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursuna, dövlətə və bugünkü müasir dövlətçiliyə sadiq, formalaşmış gənc nəsil yetişir.
Ulu Öndərimizin adını şərəflə daşıyan məktəbimizdə gənclərimizin ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, sağlam düşüncədə yetişdirilməsi üçün bütün tədbirlər görülür və bunun üçün təhsil ocağında ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsi kimi bütün zəruri şərait yaradılmışdır. Bu qayğı və diqqətin nəticəsidir ki, bu gün məktəbimizin məzunlarının sorağı dünyanın hər yerindən gəlir, məzun və şagidlərimiz qürur duyulası uğurlar qazanırlar.
Ölkəmizdə möhtərəm Prezidentimizin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərin, davamlı dinamik inkişafın nəticəsi olaraq çox sağlam, Ümummilli Lider Heydər Əliyevin ideallarına sadiq gənc nəsil yetişir və onlar özlərinin çox xoşbəxt, bəxtiyar və İLHAMLI günlərini yaşayırlar. Bizlərə bəxş edilmiş bu xoş günlərə və inamlı və İLHAMLI günlərimizə, sabahlarımıza görə möhtərəm Prezidentimiz İlham Əliyevə, xalqımızın mənəvi dəyərlərinə, təhsilə, səhiyyəyə, valideyn himayəsindən məhrum olmuş kimsəsiz, qüsurlu uşaqlara göstərdiyi davamlı diqqət və qayğıya görə dərin köklərə bağlanan milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin himayədarı, ölkəmizin Birinci Xanımı Mehriban xanım Əliyevaya, eləcə də bütün bu uğurların lokomotivi olan Yeni Azərbaycan Partiyasına minnətdarıq.
Ölkə Prezidetinin Sərəncamı ilə "Ölkəmizi tanıdaq" devizi altında həyata keçirilən tədbirlər - rayonumuzun 38 məktəbindən şagidlərimizin bu layihədə iştirakı, onların ölkəmizin bütün regionlarına yüksək səviyyəli səfər və görüşlərinin keçirilməsi hər birinin həyatlarında unudulmaz izlər buraxmışdır. Ölkə Prezidentinin tapşırığı əsasında həyata keçirilən bu tədbirlər - onların hər yerdə yüksək səviyyədə qarşılanmaları, gördükləri qonaqpərvərlik yaddaşlarından heç vaxt silinməyəcəkdir.
Gənc nəslin milli-mənəvi, əxlaqi dəyərlərimizə sadiqlik və sevgi ruhunda tərbiyə etmək üçün daima Heydər Əliyev şəxsiyyətinə müraciət etməliyik. Bu Böyük Dühanın "Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir" devizi hər bir gəncin və yeniyetmənin həyat amalına çevrilməlidir.
Türk dünyasının ən böyük oğullarından biri olan Heydər Əliyevin idealları, vəsiyyətləri və pak ruhu gənclərimizin yollarını müəyyən edən məşəl, ümid çırağıdır. Bunlar heç vaxt sönməyəcəkdir və şöləsi azalmayacaqdır!!!
Nuranə Şıxəliyeva,
Heydər Əliyev adına Liseyin direktor müavini