PDF Oxu

Siyasət

  • 48

Ermənistan növbəti qarşıdurmalar astanasında

Ermənistan növbəti qarşıdurmalar astanasında

Xalq anti-Sarkisyan, anti-Rusiya və anti-"DQR" şüarları çağırır

Son zamanlar, xüsusilə Ermənistanın Gümrü şəhərində Rusiyaya məxsus 102-ci hərbi bazanın hərbi qulluqçusu Premyakovun bir ailənin 7 üzvünü qətlə yetirməsindən sonra ölkədaxili vəziyyət artıq qarşıdurmalar həddinə yetişib. Belə ki, hərbi qulluqçunun Rusiya tərəfindən Ermənistanın hüquq-mühafizə orqanlarına verilməməsi ölkənin müxalifətyönlü təşkilatlarında, o cümlədən, vətəndaş cəmiyyətində kəskin hiddət doğurub. Onlar Ermənistan iqtidarını qeyri-müstəqillikdə, suverenliyi əldən verməkdə və xəyanətdə, erməni maraqlarını Rusiyaya satmaqda ittiham edirlər. Məsələn, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Gümrü hadisələrinin siyasiləşdirilməməsi istiqamətində etdiyi çağırış da erməniləri hiddətləndirib. Onlar öz tələblərində hansı siyasi motivlərin olduğunu anlamadıqlarını deyirlər. Ermənistanın "Azatutyun" radiostansiyası sözügedən məsələ ətrafında Gümrüdən olan politoloq Qagik Ambaryanın fikrinə yer ayırıb.

Erməni politoloq Qagik Ambaryan: "Məsələnin siyasiləşdirilməsində Rusiya tərəfi maraqlıdır"

Erməni politoloqunun fikrincə, yeddi nəfərdən ibarət Avetisyanlar ailəsini qətlə yetirən rusiyalı hərbçi mütləq Ermənistanın məhkəməsi qarşısında cavab verməlidir. Politoloq hesab edir ki, Rusiya tərəfi bu tələbi yerinə yetirməli, Gümrüdə anti- Rusiya ab-havasının qarşısını almalıdır. "Gümrülülərin haqlı tələblərini onların hadisələri siyasiləşdirmələri ittihamı ilə əvəzləmək yolverilməzdir, çünki cinayətkar lazım olan cəzasını almayıb. İndi biz gümrülülər bunu tələb edərkən, bu, onların (Rusiya tərəfinin-red.) xoşuna gəlmir. Nəticədə də bəlli olur ki, sən demə biz, şəhər əhalisi məsələni siyasiləşdiririk" -deyə erməni politoloqu bildirib. Ambaryan qeyd edib ki, əgər Lavrov məsələnin kimlər tərəfindən siyasiləşdirildiyini bilirsə, buyursun, onların adlarını açıqlasın. Politoloqun sözlərinə görə, əslində, məsələnin siyasiləşdirilməsində Rusiya tərəfi maraqlıdır. Belə ki, onlar bu vasitə ilə hərbi bazadakı çatışmazlıqları ört-basdır edə bilərlər.

Ermənistanın beynəlxalq məsələlər və təhlükəsizlik institunun rəhbəri Stepan Safaryan: "Mövcud vəziyyət erməni-rus münasibətlərinə ciddi təsir edəcək"

Ermənistanın beynəlxalq məsələlər və təhlükəsizlik institunun rəhbəri Stepan Safaryan da Rusiya tərəfinin erməniləri məsələni siyasiləşdirməkdə ittiham etməsinin doğru fikir olmadığını deyib. "Rusiya erməni ictimaiyyətini elə bir situasiya ilə qarşı-qarşıya qoyub ki, artıq Ermənistan rəhbərliyindən nə isə tələb etməyə lüzum qalmır. Çünki cinayətkar hərbçi Rusiya hərbi bazasında saxlanılmaqdadır. Nəticədə Rusiya strukturlarına qarşı olan etirazlar siyasiləşdirilmiş olay kimi qiymətləndirilir"-deyə Safaryan bildirib. İnstitut rəhbəri qeyd edib ki, Rusiyanın xarici işlər naziri və hökumətinin özü bu məsələ ətrafında spekulyasiya edir, o cümlədən, bu vasitə ilə etiraz səslərini boğur. Səfəryanın fikrincə, məsələnin həlli Rusiya tərəfindədir və bu ölkə bilməlidir ki, mövcud vəziyyət erməni-rus münasibətlərinə ciddi təsir edəcək: "Rusiya XİN-in rəhbəri erməni ictimaiyyətinə nəyi demək olar, nəyi demək olmaz dərsini keçməməlidir. Bu, təhqirdir. Çünki Gümrü ictimaiyyəti öz tələbini ortaya qoyur, geosiyasi məsələdə spekulyasiya etmir. Əslində, Rusiya düşünməlidir ki, hansı geosiyasi oyunlar oynayır. Bu baxımdan, Gümrü ictimaiyyəti, ümumiyyətlə geosiyasi oyunlar oynamaq marağında deyil və buna ehtiyac da görmür".

Yerevan mətbuat klubunun sədri Boris Naovosardyan isə hesab edir ki, Rusiyanın xarici işlər naziri məsələnin siyasiləşdirilməsi dedikdə nəyi nəzərdə tutur: "Çünki bu məsələdə baş verən hadisənin nəticlərini siyasiləşdirməmək olmur. Qətl hadisəsi başqa ölkənin hərbi qulluqçusu tərəfindən törədilib və bu hadisə hərbi bazadan kənarda- başqa ölkənin ərazisində baş verib. Qətldə başqa ölkəyə məxsus silah işlədilib. Ona görə də bu hadisədə istəsək də, istəməsək də siyasi tərəflər var".

Sahibkarlar Sarkisyan hökumətinin vergilərin artımı ilə bağlı qəbul etdiyi yeni qərara qarşı çıxdılar

Məsələ yalnız Gümrü hadisələri ilə sona çatmır. Məsələ ondadır ki, son bir neçə gündə Ermənistan hakimiyyətinə qarşı bütün tərəflərdən həmlələr, ittihamlar irəli sürülür. Məsələn, paytaxt Yerevanda kiçik və orta erməni sahibkarları Sarkisyan hökumətinin vergilərin artımı ilə bağlı qəbul etdiyi yeni qərara qarşı çıxdılar. Onlar Ermənistan prezidentinin iqamətgahı qarşısına toplaşaraq, öz kəskin etirazlarını bildiriblər. Bəyan olunub ki, əgər həmin qanunun qəbulu baş verərsə (qanun qəbulu fevralın 1-nə nəzərdə tutulmuşdu-red.). sahibkarlar son ana qədər mübarizələrini aparacaqlar. Məhz bundan sonra vəziyyətin kritikliyini dərk edən hakimiyyət həmin qanunun qəbulunu yay aylarına qədər təxirə salmalı olub. Ancaq bu, o demək deyil ki, erməni sahibkarları yay aylarında həmin qanun qüvvəyə mindikdən sonra sakit oturacaqlar. Daha dəqiq desək, mövcud kritik vəziyyət qüvvədə qalmaqdadır.

Bu günlərdə baş verən daha bir olay isə vəziyyətin nə qədər mürəkkəb olduğunu kifayət qədər göstərir. Məsələ ondadır ki, ermənilər arasında uzun illərdir davam edən "yerevanlı-qarabağlı" regionçuluq amili partlayış həddinə qədər inkişaf edib. Belə ki, ötən günlərdə Ermənistanın müxalifətyönlü təşkilatlarından olan "Parlament təsisatı" qondarma "DQR"-ə avtoyürüş təşkil etmək istəyib. Lakin həmin yürüş Berdzor rayonu ərazisində kəskin və qanlı qarşıdurma ilə başa çatıb. Daha dəqiqi, yürüş iştirakçılarının qarşısını "DQR" polisi xüsusi qəddarlıqla almalı olub. "Parlament təsisatı" təşkilatının iştirakçılarına qarşı gözyaşardıcı qazdan, dəyənəklərdən, rezin güllələrdən istifadə olunub. Hətta silahlardan atəş də açılıb. Ermənistanın tanınmış politoloqları və ekspertləri isə bu hadisənin məhz Serj Sarkisyanın təlimatı ilə baş verdiyini bildirirlər. Eyni zamanda, iddia olunur ki, Sarkisyan rejimi bu vasitə ilə Rusiya hərbçilərini "DQR"-ə yerləşdirməyə çalışır.

Politoloq İqor Muradyan: "Qarabağda heç vaxt dövlət olmayıb"

Politoloq İqor Muradyan bildirib ki, "DQR" rəhbərliyi Sarkisyanın dəstəyi ilə həmin ərazilərə Rusiya hərbçilərinin yerləşdirilməsi ideyasını ortaya atıb. Muradyan bu olaydan hiddətə gəldiyini sübut etməkdən ötrü, hələ 2003-cü ildə qondarma "DQR" rejimi tərəfindən ona verilmiş "Mesrop Maştots" ordenindən də imtina etdiyini bəyan edib. "Mən bu ordeni geri qaytarıram, o, mənə lazım deyil"-deyə politoloq bildirib. O, həmçinin qeyd edib ki, Gümrüdə, Berdzorda və digər şəhərlərdə baş verən bu kimi qanlı hadisələr məhz Ermənistan rəhbərliyi tərəfindən hazırlanmış tamaşalardır. O sual edib: "Bəs tamaşaçılar kimlərdir? Bu, ruslardır. Ermənistan hakimiyyəti onlara göstərmək istəyir ki, onlar Rusiyaya qarşı nə qədər loyaldırlar. Bu, çox iyrəncdir".

Muradyan "DQR"-i dövlət hesab etmədiyini də deyib. O, əlindəki ordeni göstətərək deyib ki, bunu ona verənlər dövlət adamları deyillər: "Çünki orada (Qarabağda-red.) heç vaxt dövlət olmayıb. Həmin ərazi, nə qədər də təəssüf doğursa da, erməni ərazisi deyil..."

Politoloq son olaraq deyib ki, bütün bunlar Ermənistan və Qarabağ rejimlərinin iqtidar sükanını əllərində saxlamaları üçün baş verir. Göründüyü kimi, Ermənistanda bir çox istiqamət üzrə ciddi qarşıdurmalar müşahidə olunur. Premyakovun Avetisyanlar ailəsini qətlə yetirməsindən sonra baş verən anti-Sarkisyan və anti-Rusiya dalğası, iqtisadi tənəzzülə daha güclü təkan verən sərt və amansız vergi qanunları, eyni zamanda "Yerevan-Qarabağ" regionçuluğu ətrafında baş verən qanlı toqquşmaların nəticələridir. Bütün bunlar isə bir faktoru kifayət qədər özündə ehtiva edir - Ermənistan yaxın zamanlarda öz varlığını tamamilə itirmək məcburiyyətindən yaxa qurtara bilməyəcək.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər