"Bir neçə ay əvvəl mənə partiyada ən yüksək vəzifələri təklif edənlər indi partiyadan kənarlaşdırılmağımla bağlı zəmin yaradırlar. Əgər Divanda qərarlar əvvəlcədən sifarişlə hazırlanmış qaydada qəbul olunursa, Nizamnamə normalarına istinad yoxdursa, Divan uzun illər fəaliyyət göstərən partiya üzvlərini məhkəmə kimi mühakimə və ittiham edirsə, o qurumdan istənilən qərarı gözləmək mümkündür". SİA xəbər verir ki, bu fikiriləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu adıçəkilən hərəkatın sosial şəbəkədəki hesabında qeyd edib.
ADR Hərəkatının rəhbəri bu kimi qərarların Müsavata yalnız zərər verəcəyini qeyd edib: "Bu qərar və bunun davamı olaraq veriləcək istənilən qərar partiyanın nüfuzuna ciddi zərbə olacaq. Demokratiya uğrunda mübarizə aparan istənilən partiya, o cümlədən Müsavat Partiyası öz qərarlarında demokratik normalara, Nizamnaməyə və Proqram müddəalarına əsaslanmalıdır".
Qubad İbadoğlu ADR-ə qarşı aparılan hücumların Müsavat rəhbərliyinin narahat olması ilə də əlaqələndirib və bildirib ki, hərəkatın Müsavata heç bir aidiyyatı yoxdur: "Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasının Müsavat Partiyasına heç bir aidiyyəti olmasa da, öz fəaliyyətsizliyini ört-basdır etmək istəyən, indiyə qədər ortaya bir nəticə qoya bilməyən rəhbərlik bizim məhsuldar fəaliyyətimizdən narahatdır və hədəf olaraq da hərəkatdakı fəallığımızın azaldılmasını seçib".
sia.az