"Hazırki Ermənistan hakimiyyəti kifayət qədər zədələnmiş, sosial dayağını itirmiş, kriminal bir rejimdir və bu rejim getdikcə öz nüfuzunu itirməkdədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.Onun sözlərinə görə, Ermənistanın yaşamış olduğu ağır iqtisadi və sosial vəziyyət başqa bir tərəfdən Rusiyada baş vermiş maliyyə böhranı Ermənistana son dərəcə ciddi təsir göstərir: "Ermənistanda əhalinin diqqətini ölkə daxili problemlərdən yayındırmaq üçün bütün Azərbaycanla sərhəd boyu istiqamətlərdə atəşkəs rejiminin tez-tez pozulmasına rəvac verilməsi və bununla bağlı əsgərlərin itirilməsi, helikopterin vurulması, uçan pilotsuz təyyarənin məhv edilməsi həmçinin bir neçə gün bundan öncə 6 əsgərin Azərbaycan sərhədində öldürülməsi kimi hadisələr Ermənistanda Sarkisyan rejiminə çox ağır və sarsıdıcı zərbələr vurur. Ola bilsin ki, Ermənistandakı bu xunta hakimiyyətdən getsin. Lakin bu xunta getdiyi təqdirdə digər bir xunta bunu əvəz edəcək. Ermənistanda bu gün kriminal rejim, xunta fəaliyyət göstərir və əlbəttə orada prezidentin seçilməsində erməni xalqının iradəsi ortada yoxdur. Daha çox konstitusiyalaşmış rejimin zorakılıqla, dəyənəklə, silah gücünə seçimi var və bu seçim bundan sonra da davam edə bilər. Mən daha öncə də söyləmişdim ki, Ermənistanda hakimiyyət dəyişikliyi birbaşa Rusiyanın əlində olan məsələdir. Rusiya kimi istəsə, Sarkisyandan sonra hakimiyyətə gətirə bilər. İnanmıram ki, Sarkisyanın hakimiyyətdən getməsi Ermənistandakı mövcud durumu səhmana salsın. O getdiyi təqdirdə, başqa bir xunta rejimi hakimiyyətə gələcək və Sarkisyanın indiki siyasəti yenidən olduğu kimi davam etdiriləcək. Ümumiyyətlə Ermənistanda baş verən hadisələr bu ölkənin ağır duruma düşdüyünü nümayiş etdirir və eyni zamanda bütün dünyaya bir mesaj verir ki, baxın bir tərəfdə işğala məruz qalsa da, çiçəklənən Azərbaycan var, başqa bir tərəfdə isə işğalçı, fəlakətə uğrayan Ermənistan var. Seçiminizi edin, görün həqiqətin, haqqın yanında durmaq Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün konkret addımlar atmağın vaxtı deyilmi? Bu sualın özü də bu gün Ermənistanda gedən prosseslərin məntiqindən doğan ciddi bir sualdır".
sia.az