"Ermənistanın müdafiə naziri Seyran Ohanyan hərbi canidir. Seyran Ohanyan 366-cı alayda bölük komandiri olub və Azərbaycan torpaqlarının işğal edilməsində hərbçi kimi iştirak edib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, Ermənistan müdafiə naziri Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib: "Zaman gələcək Seyran Ohanyan öz törətdiyi vəhşiliklərə görə məhkəmə qarşısında cavab verəcək. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin Ermənistan ordusunun mövqe itkisi barədə etdiyi etiraflar qarşılaşdığımız birinci hal deyil. Hazırda Ermənistan cəmiyyətində hökm sürən gərginlik, məhz Azərbaycanın və Azərbaycan ordusunun qüdrətindən xəbər verir. Artıq düşmən küncə sıxılıb. İqtisadiyyatı dağılmış, siyasəti iflasa uğramış bir dövlət bu gün güclü Azərbaycan qarşısında tab gətirə bilməz. Bu gün təmas xətti Azərbaycan ərazisindədir. Erməni tərəfi daima atəşkəs rejimini pozaraq Azərbaycan ordusunu da məcbur edir ki, onlara qarşılıq versinlər. Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etmək üçün təkcə müdafiə olunmayacaqdır. Mən hər zaman demişəm ki, ən yaxşı müdafiə hücumdur. Çünki onlar bizim əraziləri zəbt ediblər. Ermənistan ictimaiyyəti, əsgər anaları hazırda bu ölkədə hakimiyyətdə olan cinayətkar dəstədən soruşmalıdır ki, bizim övladlarımız Azərbaycan torpaqlarında nə üçün hərbi xidmət keçirlər? Qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun gücü qarşısında Ermənistan tərəfi aciz durumdadır. Ümumiyyətlə tam əminliklə demək olar ki, Sarkisyan rejiminin artıq son akkordları vurulur. Cinayətkar Sarkisyan rejimi Ermənistan xalqını fəlakətə sürükləyir. Əgər erməni xalqı ağıllı düşünə bilirsə özlərinə başqa bir rəhbər seçməli, ən düzgün yolu seçərək Azərbaycan torpaqlarını geri qaytarmalı və regionda normal qonşuluq prinsiplərinə əsaslanan münasibətlər qurmalıdırlar. Məhz bu halda o dövlət yaşaya, erməni xalqı normal həyat tərzi sürə bilər".
sia.az