"Ümumiyyətlə elə qeyri-hökumət təşkilatları (QHT) var ki, onlar yaranan andan məqsədləri ancaq Azərbaycanın əleyhinə işləmək olub". BunuSİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev müxalifyönlü qeyri-hökumət təşkilatlarının (QHT) milli donorlarla deyil, əksinə xarici donorlarla əməkdaşlıqda maraqlı olmalarına münasibət bildirərkən deyib.YAP Siyasi Şurası üzvünün sözlərinə görə, həmin qurumları yaradanlar istəyir ki, onlar Azərbaycana qarşı daimi müxtəlif bəhanələrlə təzyiq göstərsinlər, ölkəmiz haqqında düzgün olmayan informasiyalar yaysınlar, eləcə də bu və ya digər şəkildə öz maraqlarını Azərbaycanda həyata keçirsinlər. Təbii ki, onların əsas rıçarqlarından biri ölkə daxilində bəzi QHT-lər yaradaraq onu maliyyələşdirmək və onlara öz konkret proqramlarını verməkdir. Heç şübhəsiz ki, Leyla Yunusun təşkilatının da məsələsi bunu açıq-aydın göstərdi. Bununla belə "Azadlıq" radiosunun fəaliyyəti də onu göstərdi ki, bunlar bir növ sözügedən qurumların tapşırıqları, sifarişi əsasında işləyirlər. Məqsəd isə Azərbaycanın, xalqın maraqlarına deyil, ayrı-ayrı qurumların maraqlarına xidmət etməkdir. Məhz buna görə də onları geninə və boluna maliyyələşdirirlər".M.Quliyev hesab edir ki, bu, tək Azərbaycan üçün deyil, eləcə də dünyanın inkişaf etməkdə olan bir çox dövlətlərində QHT-lər yaradırlar və bununla da həmin dövlətə qarşı öz təsirlərini göstərməyə çalışırlar: "Heç kimə sirr deyil ki, Azərbaycanda onların siyasətləri baş tutmadı. Onların özləri də gördülər ki, Azərbaycan dövləti müstəqilliyini günü-gündən artırır və ölkə xalqı öz Prezidenti İlham Əliyevin arxasındadır. Azərbaycan Prezidentinin də cəsarətli, inamlı, düzgün siyasəti o bəd fikirli qüvvələri ifşa edir".
sia.az