"Heç şübhəsiz ki, bu gün müxalifət düşərgəsində qarşılıqlı ittihamlar müşahidə olunur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar indidən müxalifətin bir neçə adda seçki bloku yaratmasına münasibət bildirərkən deyib.Sədr müavinin sözlərinə görə, ənənəvi siyasi partiyalar bu düşərgənin tərkibində faktiki olaraq parçalanıblar: "Beləcə, onlar ayrı-ayrı şəkildə kiçik qruplar halında fəaliyyət göstərirlər. Təbii ki, belə olan şəraitdə rəqabət yalnız onların öz daxilində gedir. İndiki şəraitdə "Milli Şura" adlanan qondarma qurum və digər təşkilatların arasında açıq şəkildə rəqabət müşahidə olunur. Təbii ki, bu da seçki öncəsi həmin dairələrin önə çıxmaq, bir-birlərini üstələmək, daha aparıcı rola yiyələnmək istəklərindən xəbər verir. Ənənəvi qaydada bütün seçkilər öncəsi bu proseslər baş verir. Bütün seçkilər zamanı isə proses bütövlükdə iflasa uğrayır. İndiki şəraitdə biz yenidən hadisələrin təkrarını görürük. Son nəticədə aparılan bu rəqabətin son nəticəsi də sıfıra bərabər olacaq".
sia.az