PDF Oxu

Siyasət

  • 22

Millət vəkili: "ABŞ bu tip addımlarla özünü çox cılız və qeyri-ciddi görkəmə salır"

Millət vəkili: "ABŞ bu tip addımlarla özünü çox cılız və qeyri-ciddi görkəmə salır"

Fevralın 12-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt Komitəsində "Azərbaycan: ABŞ-ın Enerji, Təhlükəsizlik və İnsan haqları maraqları" mövzusunda dinləmə keçiriləcək. Dinləmədə Woodrow Wilson Beynəlxalq Araşdırmalar Mərkəzindən tədqiqatçı Odri Alştadt, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç və Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz Institutunun direktoru Svante Kornel konqresmenlər qarşısında ifadə verəcəklər. Dinləməyə Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysun sədrlik edəcək. Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri kimi səlahiyyət müddətini ötən ilin yayında başa vuran Riçard Morninqstarın əvəzinə yeni səfir kimi Robert Francis Cekuta təsdiq edilib. O, fevralın 9-da Dövlət Departamentində səfir kimi and da içdi. Yeni səfir fevralın 12-də Bakıda olacaq.

Artıq bununla ilin əvvəlindən neçənci dəfədir ki, Azərbaycanla bağlı məsələlər Konqresin müzakirsinə çıxarılır, ölkəmiz haqqında qərəzli, qeyri-obyektiv çıxışlar edilir, haqsız ittihamlar səsləndirilir. Keçən ilin sonunda Azərbaycanla bağlı durum Konqressdə bir, bu ilin yanvarında isə iki dəfə müzakirəyə çıxarılıb. Bu o deməkdir ki, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr ölkəmiz üçün seçki ili olan 2015-ci ildə öz niyyətlərindən əl çəkməyəcək, ölkəmiz haqqında hələ bundan sonra da qərəzli dinləmələr keçirəcəklər. Məsələ ilə bağlı "SƏS" qəzetinə açıqlama verən millət vəkili Astan Şahverdiyev bildirib ki, ABŞ heç bir güclü dövlətə real təsir etmək iqtidarında deyil: "Biz dünyada baş verən bir sıra olaylar zamanı gördük ki, ABŞ hətta təsir etsə belə, bütün bunlar effekt vermir. Çünki atılan bütün addımlar yalnız ABŞ-ın maraqlarına xidmət etmək üçün hesablanıb".

Dinləmələrin əsl mahiyyətindən danışan millət vəkili qeyd edib ki, Azərbaycana, bizim dövlətimiz möhkəm sütunlar, sağlam ideologiya üzərində qurulub: "Heç bir dövlətdən də siyasi-iqtisadi və hər hansı bir asılılığımız yoxdur. Biz ABŞ-ın daxili işlərinə qarışmadığımız kimi, ABŞ da bizim dövlətçiliyimizə hörmətlə yanaşıb daxili işlərimizə qarışmamalıdır. ABŞ öz problemlərini həll etmək üçün çalışmalıdır. Ancaq biz görürük ki, bu dövlətin dünyaya təlqin etdiyi siyasət xalqlara yalnız bəlalar və fəlakətlər gətirir. Eləcə də ABŞ Konqresində Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirəyə çıxarılması da ciddi bir amil deyil. Bizim öz qanunverici orqanımız var, lazım olsa, bu orqanlarda istənilən məsələ müzakirə olunar. Sadəcə müştəbehlik etməsinlər. ABŞ böyük dövlətdir, ancaq bu tip addımlarla özünü çox cılız və qeyri-ciddi görkəmə salır".

Millət vəkili A.Şahverdiyev onu da əlavə edib ki, bu il Azərbaycanda seçki ilidir, ona görə də ölkəmizə qarşı qeyri-obyektiv, qərəzli yanaşmalar hələ bundan sonra da çox olacaq.

Samir

Digər xəbərlər