Düşərgənin 2015-ci ildə parçalanmış və dağınıq formada başa vuracağı indidən bəllidir
Hazırda müxalifət düşərgəsində pərakəndəlik və dağınıqlıq fonunda cərəyan edən hadisələrin bu ilin payızında keiriləcək parlament seçkilərində də davam edəcəyi aşkar görünməkdədir. Belə ki, müxtəlif cinahlarda yer alan siyasi partiyaların blok və birliklər yaratması, digərlərinin isə həmin blok və birliklərdə yer almaqdan imtina etməsi sübut edir ki, əslində bir-birlərini həzm etməyən partiyalar parlament seçkilərində daha çox özləri ilə mübarizə aparmalı olacaqlar. Aparılan təhlil və analizlər də məhz belə düşünməyə kifayət qədər zəmin yaradır.
Müxalifət parlament seçkilərinə bir neçə seçki bloku yaratmaqla getməli olacaq
Məsələn, sükanı AXCP-nin əlində olan "Milli Şura" ənənəvi düşərgədə heç bir partiya ilə iş birliyinə getməyəcəyini bəyan edib. Məsələ ondadır ki, hələ bir müddət öncə, Müsavat partiyasının başqanı Arif Hacılının AXCP və "Mlli Şura" ilə əməkdaşlıq təklifi Əli Kərimli ilə aparılan danışıqlardan sonra rədd edildi.
"Milli Şura" yeni yaradılan və əsasən, kiçik partiyalardan ibarət olan "Azadlıq-2015" seçki blokuna da indidən rədd cavabı verib. Bu faktor isə həm də belə əsaslanmağa şərait yaradır ki, müxalifət qarşıdan gələn parlament seçkilərinə bir neçə seçki bloku yaratmaqla getməli olacaq. Artıq bunun cücərtiləri də görünməyə başlayıb.
Düşərgədaxili qarşıdurmaların və ziddiyyətlərin sayı daha da çoxalacaq
İstər "Milli Şura", istərsə də AXCP rəsmiləri bildirirlər ki, buna səbəb fikir ayrılıqlarıdır.
AXCP sədrinin müavini, "Milli Şura"nın üzvü Razi Nurullayev bununla bağlı deyib ki, qurum "Azadlıq-2015" seçki bloku ilə əməkdaşlıq etmək niyyətində deyil. Onun sözlərinə görə, söhbət seçki blokunda təmsil olunan siyasi partiyaların çəkisindən getmir: "Məsələ burasındadır ki, oradakı partiyaların əksəriyyətinin rəhbəri vaxtilə "Milli Şura"da olub, sonradan həmin qurumun sıralarını tərk ediblər. Onlarla necə əməkdaşlıq etmək olar? Çox güman ki, "Milli Şura" parlament seçkilərinə blok şəklində qatılacaq və heç bir kənar bloka qoşulmaqdan söhbət gedə bilməz".
Göründüyü kimi, məhz payız seçkilərində iştirak etmək niyyətində olan müxalif siyasi təşkilatlar elə düşərgənin digər cinahında yer alan başqa müxalifət partiyaları ilə mübarizə aparmalı olacaqlar. Bu isə düşərgədaxili qarşıdurmaların, ziddiyyətlərin sayını daha da çoxaltmalı olacaq.
Afət TAHİRQIZI