"Ermənistan bu gün bir dövlət kimi yox olmaq təhlükəsi qarşısındadır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə Ermənistan onsuzda müstəqilliyini itirmiş bir dövlətdir: "Bu ölkənin iqtisadiyyatının 70-80%-i Rusiya və digər dövlətlərin əlində cəmləşibdir. Rusiyanın özündə də deyildiyi kimi, Ermənistan Rusiyanın bir forpostu, quberniyasıdır. Yəni iqtisadiyyatı dağılmış, siyasəti iflasa uğramış, repressiyaların, zorakılıqların, korrupsiyanın baş alıb getdiyi bir cəmiyyətdə təbii ki, insanlar gələcəkdən heç bir şey gözləmirlər. Buradakı ən mühüm amil isə Ermənistanın yeritdiyi işğalçılıq siyasətidir. Ağlı başında olan hər bir erməni də başa düşür ki, bu işğalçı siyasətin sonu xeyirlə, yaxşılıqla nəticələnməyəcək. Çünki bu gün Ermənistana rəhbərlik edən cinayətkar qurumlardır, soyqırım törətmiş insanlardır və bu şəxslər erməni xalqını heç bir uğurlu gələcəyə apara bilməyəcəklər. Ona görə də Ermənistan cəmiyyətində, erməni xalqı arasında bu ölkədən köçmələrin, miqrasiyanın günü-gündən sürətlənməsi təbii haldır. Bu faktı həm Ermənistanın öz statistikası, həm də beynəlxalq təşkilatların araşdırmaları nəticəsində məlum olan statistik göstəricilər də sübut edir. Əgər erməni cəmiyyəti içərisində ağıllı ziyalı və uzaqgörən siyasətçiləri varsa, bütün bu faktlardan nəticə çıxarmalıdırlar. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, Ermənistanın bu vəziyyətdən çıxması üçün yeganə bir yol var. Bu da Azərbaycan torpaqlarının işğalına son qoymaqdır. Bu ölkənin artıq başqa çıxış yolu yoxdur. Çünki Cənubi Qafqazda aparıcı, lider dövlət Azərbaycandır və Azərbaycanla müharibə şəraitində, düşmən vəziyyətində olan Ermənistanı bundan sonra da böyük fəlakətlər gözləyə bilər".
sia.az