Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən, talassemiya daşıyıcıları üzrə vahid elektron proqram hazırlanacaq
Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə edir. Bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən - səhiyyədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür.
Azərbaycanın sürətli iqtisadi inkişafı, dövlət tərəfindən aparılan məqsədyönlü islahatlar, uğurla icra olunan dövlət proqramları səhiyyənin inkişafına da təsirini göstərməkdədir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Bu məqsədlə son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib.
HƏR İL RESPUBLİKADA 200-DƏN ARTIQ TALASSEMİYALI UŞAQ DOĞULUR
Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Müasir dövrümüzdə həmin proqramların icrası nəticəsində ölkədə Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar və onlarla yeni səhiyyə ocaqları inşa, təmir və bərpa edilib. Bu sırada qeyd etməliyik ki, paytaxtımızda müasir standartlara uyğun Talassemiya Mərkəzi istifadəyə verilmişdir. Bu tibb müəssisəsində valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyinin müalicəsinə geniş imkanlar açılıb. Bildiyimiz kimi, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə vardır. Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikada 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında həmin xəstəliyə daha çox rast gəlinir. Talassemiyanın profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi dövlətin diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən 10 fevral tarixində "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasına yönəlib. Qeyd edək ki, bu Dövlət Proqramına qədər talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülmüşdür. Belə ki, "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaratmışdır.
Son illərdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olmuşdur. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanmışdır. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunmuş, bu xəstəlikdən əlillik və ölüm halları azalmışdır.
Dövlət Proqramında qeyd olunub ki, əhali arasında talassemiyanın profilaktikası istiqamətində də kompleks tədbirlər görülməsinə zərurət yaranmışdır. Bu məqsədlə respublikada maarifləndirmə, sosial səfərbərlik tədbirləri, xüsusən, risk qruplarını müəyyən etmək üçün nikaha daxil olmaq istəyən şəxslərin əvvəlcədən tibbi müayinədən keçməsi kimi tədbirlərə ehtiyac vardır. Proqramda təşkilati tədbirlər, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, talassemiya daşıyıcılarının aşkar edilməsi və həkim məsləhəti verilməsi, habelə talassemiyanın müalicəsinin təkmilləşdirilməsi və əhalinin bu xəstəliyə dair maarifləndirilməsi kimi tədbirlər nəzərdə tutulub.
ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TALASSEMİYA HAQQINDA MÖVZU TƏDRİS EDİLƏCƏK
Dövlət Proqramında talassemiya daşıyıcılarının aşkar edilməsi üçün laboratoriya müayinələrinin genişləndirilməsi, talassemiya daşıyıcılarına və talassemiyalı xəstələrə həkim məsləhətinin təşkili əsas vəzifə olaraq qarşıya qoyulub. Nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhəti verilməsi də Dövlət Proqramında vəzifə olara qarşıya qoyulub. Nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqramın hazırlanacaq və tətbiq ediləcəkdir. Talassemiya daşıyıcılığı aşkar olunan cütlərə həkim məsləhəti veriləcək.
Talassemiyanın profilaktikası və müalicəsi üzrə klinik protokolların, metodik vəsaitlərin, təlimatların və elmi ədəbiyyatın hazırlanması zəruri olan amillərdir. Ümumi təhsil müəssisələrində biologiya üzrə fənn proqramı çərçivəsində talassemiya haqqında mövzunun tədris edilməsi maarifləndirici xarakter baxımından əhəmiyyətlidir. Talassemiyaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi və yayılması əsas məsələlərdən biri olaraq Dövlət Proqramında yer alıb. Yaxın gələcəkdə bu xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislər hazırlanacaq, baza ali tibb və rezidentura təhsili proqramlarında hematologiya üzrə tədris saatları artırılacaqdır.
"Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi istiqamətdə əhəmiyyətli bir sənəddir.
Nəzakət ƏLƏDDİNQIZI