Azərbaycanda keçirilən dünya və Avropa çempionatları bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsində ölkəmizin dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilməsidir. Ölkəmizdə, eləcə də Bakıda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bütün bunlarla yanaşı, beynəlxalq yarışlarda idmançılarımızın qələbəsi Azərbaycanı dünyada idman dövləti kimi tanıdan amillərdir.
Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Ümumilikdə son 11 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Belə ki, bu illər ərizində ölkəmizdə yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, boks üzrə dünya çempionatı və s. keçirilib, Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.
Bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində böyük inam yaradıb. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ölkəmizə ölan diqqət və inam hissinin təzahürüdür.
"BAKI-2015" İLK AVROPA OYUNLARINA DAXİL OLAN İDMAN NÖVLƏRİNDƏN 16-SI OLİMPİYA, DÖRDÜ İSƏ QEYRİ-OLİMPİYA İDMAN NÖVÜDÜR
Avropa Oyunlarının keçirilməsinə düz dörd ay qalır. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsindən yaralanaraq hər işin yüksək səviyyədə təşkilinə nail olacaq. Belə ki, Azərbaycanda böyük potensial mövcuddur və Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komanda fəaliyyət göstərir.
Bəli, bu gün Bakıda təşkil olunacaq Birinci Avropa Oyunlarına hazırlıq işləri ciddi şəkildə aparılır. Qeyd edək ki, "Bakı-2015" Avropa Oyunlarına ümumilikdə 20 idman növü daxildir. Bunların 16-sı olimpiya, dördü isə qeyri-olimpiya idman növüdür. Yarışlarda ənənəvi idman növlərində atletika, gimnastika və su idmanı ilə yanaşı basketbol 3x3, çimərlik futbolu və karate kimi həyəcanlandırıcı yeni idman növlərinə də yer veriləcək. Bu günə olan məlumata görə, 2016-cı il Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün 11 idman növü üzrə kvalifikasiya imkanları təklif olunacaq. Yarışların hər bir gününün ruhlandırıcı, yenilikçi və vəcdəgətirici olmasını təmin etmək məqsədilə rəngarəng İdman Proqramı işlənib hazırlanmışdır. 253 qızıl medal uğrunda keçiriləcək yarışlarda birinci Avropa Oyunları qalibi adına layiq olmaq naminə aparılan mübarizənin gərgin keçəcəyi gözlənilir.
"BAKI-2015" ATLETİKA YARIŞLARINDA HANSI ÖLKƏLƏR İŞTİRAK EDƏCƏK?
İyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarında atletika yarışlarının bəzi detallarına aydınlıq gəlib. İyunun 21-22-də təşkil olunacaq bu növ üzrə mübarizədə qitənin üçüncü liqasında qüvvəsini sınayan yığmalar mükafatçıları müəyyənləşdirəcəklər. Belə ki, cəmi bir dəst medal uğrunda yarışda millilər komanda şəklində güclünün adına aydınlıq gətirəcəklər.
Artıq "Bakı-2015"-ə qatılacaq yığmaların da böyük əksəriyyəti dəqiqləşib. Hələ rəsmi açıqlanmasa da, Azərbaycanın ev sahibi kimi mübarizə aparacağı atletika yarışlarında Albaniya, Andorra, Ermənistan, Avstriya, Bosniya və Herseqovina, Gürcüstan, İsrail, Lixtenşteyn, Lüksemburq, Makedoniya, Malta, Moldova, Monako, Monteneqro, San-Marino və Slovakiya milliləri iştirak edəcək. Avropa Oyunlarında bu növdə 20 komandanın iştirakı nəzərdə tutulub ki, digər 3 ölkə də bu günlərdə müəyyənləşəcək. Bundan sonra isə iştirakçıların hamısının adı rəsmən açıqlanacaq.
NƏZAKƏT