Bu, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində reallaşıb
Azərbaycanın sosial-iqtisadi inkişafı, insanların maddi-rifah halının yüksəlməsi ölkəmizin sürətli inkişafının, uğurlarının və nailiyyətlərinin göstəricisidir. Artıq Azərbaycan stabil və dinamik inkişafına, daxili və xarici siyasətinə görə, Cənubi Qafqazın, eləcə də, Avropanın bir sıra dövlətlərindən irəli olmaqla yanaşı, onlar üçün nümunədir. Belə bir dövrdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də aparılan islahatlar nəticəsini verib və Azərbaycanın nailiyyətləri və uğurları bir-birini əvəzləyib.
Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır, insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq kimi imkanları verir.
İyirmi birinci yüzillikdə Azərbaycan təhsilinin ən böyük himayədarı olan Ulu Öndər Heydər Əliyevin təhsil strategiyası Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Neft kapitalının insan kapitalına çevrilməsini əsas məqsəd olaraq ortaya qoyan Cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ-hüquqi bazası yaradılıb. Bu və ya digər nailiyyətlər Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyasını sürətləndirib.
Ölkədə aparılan düzgün təhsil strategiyasının nəticəsidir ki, bu gün dünyanın bir sıra ölkələri ilə Azərbaycanın təhsil sahəsindəki əməkdaşlığı möhkəmlənib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" əsasında istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb. Dövlət Proqramı dünyada çox az təsadüf olunan unikal layihədir. Müvafiq ekspertlər ölkənin prioritet ixtisaslar üzrə kadr potensialına olan ehtiyacının ödənilməsi baxımından bu layihənin əhəmiyyətini yüksək dəyərləndirirlər.
Qeyd edək ki, ötən tədris ilində 573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış Dövlət Proqramı təqaüdçüləri siyahısına daxil edilib. Ötən ilk seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 310 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb.
Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. Sevindirici haldır ki, ilk dəfə olaraq, ötən il 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində indiyədək 3185 təqaüd dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq üçün ayrılıb.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin 2015-2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 9 fevral 2015-ci il tarixli, 8 nömrəli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətlər üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.
Prioritet ixtisas istiqamətlərinin əhatəliliyinin genişlənməsi, yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətlərinin əlavə olunması tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, geniş seçim imkanı yaradacaqdır. Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə veriləcəkdir. 2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət edə biləcəklər.
Eyni zamanda, 2015-2016-cı tədris ili üçün Dövlət Proqramına namizədlərin seçimi prosesində təhsillərini xarici ali təhsil müəssisələrinin magistratura və doktorantura səviyyələrində davam etdirmək istəyən gənclər üstünlüyə malik olacaqlar.
Nəzakət ƏLƏDDİNQIZI