"Ümumiyyətlə "Sərhədsiz Reportyorlar"ın rəhbər təşkilatlarında Azərbaycanla birbaşa qərəzi olan erməni millətinin nümayəndələri də təmsil olunublar. Təbii ki, onlar istər-istəməz sözügedən təşkilatın rəylərinə təsir göstərirlər". Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli "Sərhədsiz Reportyorlar" beynəlxalq jurnalist təşkilatının Azərbaycanla bağlı hazırladığı qərəzli hesabata və həmin hesabatda ölkəmizin 160-cı yerdə qərarlaşmasına münasibət bildirərkən deyib.Sədr müavinin sözlərinə görə, "Sərhədsiz Reportyorlar"ın Azərbaycanı qarşı bu cür qərəzli hesabatı və ölkəmizi daim geridə olan dövlət sırasında göstərməsi ilk belə hal deyil: "Onlar tarix boyu heç bir zaman Azərbaycanda medianın inkişafı ən yüksək səviyyədə olanda belə bunu özlərində qeyd etməyiblər. Maraqlı cəhət odur ki, bunlar özlərini beynəlxalq təşkilat adlandırırlar. Ola bilsin ki, onlar müəyyən mərhələlərdə özlərini haqq qazandırmaqda arqument tapırlar. Amma Fransa parlamenti qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qərar verən ərəfədə "Sərhədsiz Reportyorlar"ın qərəzli olması faktı üzə çıxdı. Niyə görə? Çünki əslində Fransa parlamenti qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyəti yaranmasını nəzərdə tutan qanun qəbul edəndə əksər beynəlxalq təşkilatlar bunu ifadə azadlığının pozulması kimi təsvir etdilər və parlamentə öz etirazlarını bildirdilər. Amma yeganə olaraq "Sərhədsiz Reportyorlar" həmin hadisəyə heç bir etirazını bildirmədi və kampaniya təşkil etmədi".M.Ələsgərlinin fikrincə, bütün bunlar onu göstərdi ki, "Sərhədsiz Reportyorlar" ancaq haradasa dünyada erməni marağı tapdananda və Fransa dövlətinin maraqları tələb edəndə hərəkətə gəlirlər: "Qalan hallarda isə onların məqsədi, niyyəti, fəaliyyəti ayrı-ayrı ölkələri yəni, Ermənistana və Fransaya qarşı olan dövlətlərin adını ləkələməkdən ibarətdir".
sia.az