PDF Oxu

Siyasət

  • 28

YAP İsmayıllı rayon təşkilatı rayonda həyata keçirilən uğurlu islahatların təkanverici qüvvəsidir

YAP İsmayıllı rayon təşkilatı rayonda həyata keçirilən uğurlu islahatların təkanverici qüvvəsidir

YAP İsmayıllı rayon təşkilatında 2014-cü il ərzində görülən işlərin yekunu, 2015-ci ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin ictimai-siyasi həyatında önəmli rol oynayaraq, nəinki ölkə daxilində həyata keçirilən uğurlu islahatların təkanverici qüvvəsi oldu, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda, dünyanın aparıcı beynəlxalq təşkilatlarında, siyasi arenalarında xalqımızın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırıb:"Ümummilli Lider Heydər Əliyevin siyasi ideyalarını əldə rəhbər tutan Yeni Azərbaycan Partiyası qısa zamanda Ümumxalq Partiyasına çevrildi. Öz məqsədyönlü fəaliyyəti ilə xalqın etimadını qazanan bu monolit güc yarandığı gündən etibarən ölkəmizdə keçirilən bütün seçkilərdə qalib gəlməyi bacardı. Müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində respublikamız dinamik inkişaf edir".

Ə.Vahabova YAP İsmayıllı rayon təşkilatı tərəfindən 2014-cü il ərzində görülən işlərə nəzər salaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev ideyalarının gənc nəslə çatdırılması, bu irsin daha dərindən öyrənilməsi məqsədilə İsmayıllı şəhər məktəblərində, Qaraqaya, Təzəkənd, Qalınçaq, Kürdmaşı, Qubaxəlilli, Mollaisaqlı, Soltankənd, Buynuz, Topçu, Müdri, Əhən, Quşencə, İvanovka, Ruşan, Qalınçaq, Aşıqbayramlı kəndlərində, İsmayıllı Peşə Tədrisi Mərkəzində, Dövlət Humanitar və Texnologiya Kollecində, Baytarlıq idarəsində, Elektrik şəbəkəsində, "Xoşbəxt MMC" xalça sexində, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsində, rayon təşkilatının binasında görüşlər təşkil edilib:"Hesabat dövründə rayon təşkilatı, onun şurası, idarə heyəti və aparatı müvafiq tədbirlər planına uyğun olaraq partiyanın Proqram və Nizamnaməsini, partiyanın rəhbər orqanlarının qərar və göstərişlərini rəhbər tutaraq, təşkilati, ideoloji-siyasi istiqamətlərdə fəaliyyətini genişləndirib, partiya quruculuğunda əldə olunmuş yeni, müasir, müsbət təcrübədən yararlanaraq yaradılan bazadan səmərəli şəkildə istifadə edib. YAP-ın qurultaylarının qərarlarını, İcra Katibliyinin tövsiyyə və göstərişlərini əldə rəhbər tutan rayon təşkilatı il ərzində partiya üzvlərinin qüvvə və bacarıqlarını regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası, qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səfərbər edib. YAP İsmayıllı rayon təşkilatı üçün də partiyaya qəbul zamanı Ümummilli Lider Heydər Əliyev ideyalarına, dövlətçiliyə sadiq, partiyaya bağlı, sadiq, əqidəli, keyfiyyətcə saf, gənclərin qəbulu əsas meyar kimi götürülüb".

YAP İsmayıllı rayon təşkilatı 23 dekabr 2014-cü ildə keçirilən dördüncü bələdiyyə seçkilərində Seçki Məcəlləsinin tələblərini, partiyanın rəhbər orqanlarının qərarlarını rəhbər tutaraq əvvəlki seçkilərdə olduğu kimi bu bələdiyyə seçkilərini də uğurla həyata keçirib. Ə.Vahabova bələdiyyə üzvlüyünə yeni seçilən 298 nəfər namizədin 201 nəfərini YAP-ın üzvlərinin təşkil etdiyini diqqətə çatdırıb. Bu isə ümumi seçilən bələdiyyə üzvlərinin 67,45 faizini təşkil edir.

Tədbirdə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov çıxış edərək qeyd edib ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daha da gözəlləşən və müasirləşən İsmayıllı əvvəlki illərlə müqayisədə sürətlə inkişaf edir:"Azərbaycanın mirvarisi olan rayonumuza ölkə başçısının bir il ərzində iki dəfə səfər etməsi, əhali üçün vacib sosialyönümlü obyektlərin açılışında iştirakı İsmayıllının inkişaf etmiş rayonlar sırasına çatmasına müsbət təsirini göstərir. Tikilən müasir inzibati və yaşayış binaları, şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkili və istirahəti məqsədilə salınan parklar, çəkilən asfalt yollar İsmayıllının simasını daha da gözəlləşdirir. Bu günlərdə rayonumuzun 2015-ci ilin Gənclər Paytaxtı seçilməsi hər birimizi sevindirir, rayonumuzun inkişafı və çiçəklənməsi naminə görüləcək işlərdə daha böyük güc, əzm və iradə verir".

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının şura üzvləri Novruz Əsədov, Zaur Muradov, İsmayıl Tarverdiyev, Məhərrəm Əhmədov və başqaları rayon təşkilatının 2014-cü ildə rayonunun ictimai-siyasi həyatında önəmli rol oynadığını diqqətə çəkiblər. Qeyd olunub ki, rayon təşkilatının gördüyü işlərin məntiqi nəticəsidir ki, 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkiləri də Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatıb. Bütün bunlar xalqın Yeni Azərbaycan Partiyasına, onun Lideri Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətə inam və etibarının məntiqi nəticəsidir.

ZÜMRÜD

Digər xəbərlər