"AXCP və Müsavat partiyaları hər zaman özləri haqqında yüksək fikirdə olublar. Bu özünəvurğunluq neçə illərdir ki, bu partiyaların üzvlərini tərk etməyib". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.Onun sözlərinə görə, iqtidar müxalifət dialoqunun keçirilməsi bir daha Azərbaycan hakimiyyətinin demokratik ideyalara nə dərəcədə sadiq olduğunu sübut edir: "Bu gün Azərbaycan iqtidarı ilə müxalifəti arasındakı siyasi güc nisbəti heç yüzdə bir əmsalında deyil. Çünki müxalifət heç bir zaman Azərbaycan hakimiyyətinə rəqib ola biləcək səviyyədə olmayıb. Müxalifət düşərgəsində bu gün hakimiyyət uğrunda yox daha çox öz aralarındakı münaqişələr diqqəti cəlb edir. Bunların əsas məqsədi bir-birinin yanında yüksək görünməkdir. Bu partiyalarda hər hansısa bir mövzunu müzakirə etmək üçün heç bir siyasi iradəyə malik olan şəxs yoxdur. Onların leksikonları ancaq təhqiredici sözlərdən, kriminal jarqonlardan ibarətdir. Ümumiyyətlə bu partiyaların keçirilən dialoqlara qatılmamalarının heç bir əhəmiyyəti yoxdur. Burada ən önəmli məsələ ondan ibarətdir ki, keçirilən dialoq Azərbaycan hakimiyyətinin demokratik ideyalara nə dərəcədə sadiq olduğunu sübut etdi. Buraya kimlərinsə qatılmamağının heç bir önəmi yoxdur".
sia.az