"Əsas problem torpaqların vətəndaşlara qanunsuz şəkildə və heç bir səbəb olmadan satılmasıdır". SİA-nın məlumatına görə, bunu millət vəkili Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, bir neçə ildən sonra torpağın qanunsuz satıldığı bəlli olur: "Bəzən yeni sədr torpağı ikinci dəfə satır. Nəticədə minlərlə şikayətçi yaranır. Bununla bağlı mənə çoxlu şikayətlər gəlir. Bilmirəm seçicilərə nə cavab verim. Məncə, Ədliyyə Nazirliyinin müvafiq orqanlarla birlikdə səyi bu problemin həllinə yönəltməlidir".Türkiyə təcrübəsinə sitat edən deputat bildirib ki, 2002-ci ildə Türkiyədə 3225 bələdiyyə strukturu olub: "İndi cəmi 1395 bələdiyyə var. Bizdə bələdiyyələtrin sayı Türkiyədən 200 dəfə çoxdur. Türkiyə isə ərazisinə və əhalisinə görə, bizdən dəfələrlə çoxdur. Bələdiyyələrin sayı 500-600 olmalıdır".Elmira Axundovanın çıxışına münasibət bildirən millət vəkili Siyavuş Novruzov isə deyib ki, Türkiyədə sistem fərqlidir: "Orada daha çox böyükşəhər bələdiyyəsi var. Kəndlərdə isə muxtarlar deyilən şəxs var və o da bələdiyyə üzvüdür. Bunu hesablasaq, Türkiyədə bələdiyyələrin sayı bizdən bir neçə dəfə çox olar. Bizdə bəzən bələdiyyələrlə icra orqanları dəyişik salınır. Bələdiyyələrin statusu var, genişdir. Bəzən deyirlər ki, bələdiyyə torpaq satır. Torpaq bölünübsə, necə sata bilərlər? Ola bilsin ki, kimsə dələduzluq edir. Ancaq bu bəlli olanda cəzalandırılır. Bəli, elə bələdiyyə sədri var ki, səlahiyyətinin əksinə fəaliyyət göstərir. Məncə, hesabat ətraflı hazırlanıb, deputatları buna səs verməyə dəvət edirəm".
sia.az