PDF Oxu

Siyasət

  • 21

Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün ən etibarlı mənbədir

Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün ən etibarlı mənbədir

Prezident İlham Əliyevin təşəbbüsü ilə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması strateji baxımdan dünya və region ölkələri üçün böyük əhəmiyyət kəsb edir

Məlum olduğu kimi, fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilib. İclasda "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanın enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "bp-Azərbaycan" şirkəti, Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak edib. Səslənən fikirlər, verilən təkliflər və ortaya qoyulan düşüncələr bir daha "Cənub Qaz Dəhlizi" layihəsinin strateji əhəmiyyətini üzə çıxarmaqla yanaşı, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün ən etibarlı mənbə olduğunu təsdiqləyir.

Xatırlatmaq yerinə düşər ki, ötən il sentyabrın 20-də Bakıda, "Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdi. Öncə o da qeyd olunmalıdır ki, sentyabr ayının 20-də tarixi bir mərasimin təşkil edilməsi də özündə bir fəlsəfə daşıyırdı. Çünki 20 sentyabr Azərbaycan üçün tarixi bir gündür. İyirmi il bundan əvvəl - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanmışdı. Bu müqavilə isə çox çətin tarixi sınaqlar ərəfəsində ortaya gəlmişdi. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində "Əsrin kontraktı" imzalandı və Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradıldı.

"Əsrin müqaviləsi"nin imzalanması ilə Xəzər dənizini Qara və Aralıq dənizlərilə neft kəmərləri birləşdirdi. Bununla yanaşı, 1996-cı ildə "Şahdəniz" qaz kontraktı üzrə Sazişin bağlanması da çox önəmli hadisə idi. Çünki bu gün "Cənub Qaz Dəhlizi"nin resurs mənbəyi "Şahdəniz" qaz yatağıdır və o, dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur. Həmçinin, 1999-cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikildi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. 2007-ci ildə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri tarixə daxil oldu. Məhz bununla Azərbaycan dünyada özünü qaz ölkəsi kimi göstərməyə başladı. Bir sözlə, Azərbaycan enerji siyasətini ardıcıl və uğurla həyata keçirir. Elə bunun nəticəsidir ki, "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi də imzalandı. Bu saziş isə dünyanın siyasi-iqtisadi tablosunda özünün strateji rolu və yerinə görə, xüsusi seçilməklə bərabər, digər mühüm transenerji şəbəkələrinin gerçəkləşməsi üçün əsaslı zəmin yaratdı.

Bu sazişi imzalamaqla Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb. Saziş Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli nəqlini nəzərdə tutur. Yəni TANAP "Şahdəniz", "Ümid", "Abşeron", "Alov", "İnam" və digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklər Avropaya nəqlinə imkan verən ən strateji nəhəng kommunikasiya infrastrukturu deməkdir.

Həmçinin, layihə Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla bir fürsət deməkdir. Ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılan ən güclü qaz yatağının yanacaq resurslarının Qərbə axını üçün açıq qapı açıldı. Azərbaycan qazının Qərbə nəqli üçün ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiya baxımından Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşması da bu sazişlə öz hüquqi-siyasi təminatını möhkəmləndirdi. Strateji baxımdan dünya üçün böyük əhəmiyyət kəsb edən TAP təbii qaz boru kəməri layihəsi Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli nəqli üçün geniş enerji sistemi deməkdir.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək. "Şahdəniz-2" layihəsinin yekun qərarın qəbul olunmasında, TAP-ın həyata vəsiqə almasında siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi ölkəmiz bölgədə ən mühüm transenerji sistemlərinin yaradılmasında qətiyyət nümayiş etdirir. "Şahdəniz-2", TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihələrin reallaşması ilə respublikamızın dünyada güclü təchizatçı olduğunu bildirir: "Şahdəniz 2" enerji layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi inkişafını təmin edəcək. Bu layihə dünyada ən iri enerji layihəsidir. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi, bu tarixi layihəyə cəlb olunmuş ölkələr və şirkətlər arasında geniş beynəlxalq əməkdaşlıq layihəsidir"."Şahdəniz" layihəsi, çox güman ki, XXI əsrin layihəsi adlandırılacaq".

Aydındır ki, bu gün enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Prezident İlham Əliyevin sözlərilə desək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik: "Şahdəniz" qaz yatağı əsas resurs mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir. Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr də var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır. Enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti əminəm ki, uğur gətirəcək. Çünki bu işlərdə çox ciddi əlaqələndirmə aparılmalıdır. Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır".

Bir sözlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması strateji baxımdan dünya və region ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla yanaşı, beynəlxalq əməkdaşlığa da geniş imkanlar açır və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələrinə hərtərəfli imkanlar yaradır. "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əsas əhəmiyyətli rol oynayıb, yeni marşrut da, ilk növbədə, qaz tədarükləri mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlar açmağa böyük imkanlar yaradıb. Həmçinin, "Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulması ilə bir daha Azərbaycanın bölgədə ən qətiyyətli bir aktor kimi yeni transkommunikasiya dəhlizlərinin yaradılmasında vacib ölkəyə çevrilməsi isbatlanıb.

"Səs" Analitik Qrupu

Digər xəbərlər