Əli Həsənov: "Hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif olan qüvvələr arasında ölkənin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələ müzakirə mövzusu ola bilər"
Maraqlı qüvvələrin "müzakirə" obyektinə və təzyiq vasitəsinə çevrilmiş dialoq məsələsi də artıq Azərbaycanda təəccüb doğurmayan siyasi prosesə çevrilməkdədir. Siyasi dialoq məsələsilə hər zaman manipulyasiya edən radikal müxalifət hakimiyyətə qarşı süni şəkildə təzyiq atmosferi yaratmağa cəhdlər göstərirdi. Zaman-zaman radikal müxalifətin nəzarətində olan qəzetlərdə və digər informasiya resurslarında iqtidar-müxalifət dialoqunun qurulmamasının günahkarı kimi hakimiyyətin göstərilməsinə də çalışılırdı. Amma bu gün baş verən proseslər bir daha göstərir ki, Azərbaycanda hakimiyyət nəinki iqtidar-müxalifət dialoquna qarşı çıxır, hətta ölkədə fəaliyyət göstərən bütün partiyalarla siyasi dialoqa hazır olduğunu açıq şəkildə nümayiş etdirir. Çünki Azərbaycanda mövcud olan siyasi hakimiyyətin nümayiş etdirdiyi siyasi mədəniyyət və bundan irəli gələrək formalaşdırılmış siyasi sistemin sivil mahiyyəti milli-siyasi meydanın bütün iştirakçılarının açıq şəkildə sözünü və fikrini bildirməsinə şərait yaradır.
Açıq siyasi dialoq siyasi mədəniyyətin və demokratik siyasi sistemin mahiyyətidir
Siyasi dialoq dedikdə, siyasi palitra subyektlərinin siyasi baxışlarının, fikirlərinin və siyasi yanaşma formalarının ortaya qoyulması başa düşülür. Siyasi dialoq prosesində subyektlər arasında siyasi fəaliyyətin mexanizmləri və proqramları hazırlanır. Bu mənada, siyasi dialoq demokratik siyasi sistemin və çoxpartiyalı sistemin inkişafının göstəricisi hesab olunur.
Siyasi dialoqun iki əsas forması vardır: 1) müxtəlif siyasi problemlərlə bağlı kəskin fikirlərin ortaya qoyulduğu polemika və 2) siyasi məsələlər üzrə fikir mübadiləsinin aparılmasını, siyasi konsensusun əldə olunması üçün yekun nəticəni ərsəyə gətirən diskussiya. Məhz siyasi ekspertlərin fikrincə, bu bölgüyə əsasən demokratik və sivil cəmiyyətlərdə əsasən siyasi dialoqun diskussiya formasına üstünlük verilir. Bu baxımdan bir daha qeyd olunmalıdır ki, Azərbaycanda hakimiyyətin dəstəklədiyi siyasi dialoq ikinci formaya uyğundur. Bununla hakimiyyət ölkənin və cəmiyyətin mühüm problemlərini birgə müzakirə etməyə və Azərbaycanın inkişafı naminə mühüm qərarların verilməsinə əlverişli şərait yaratmış olur.
Əlbəttə ki, siyasi nəzəriyyədə siyasi dialoq probleminə loyal və qeyri-loyal metodların tətbiqi aspektindən də yanaşanlar var. Məsələn, siyasi dialoqun loyal metodlar vasitəsilə keçirilməsinin tərəfdarlarının fikrincə, qoyulan problem üzrə arqumentlər konkretləşdirilməli, faktiki əsaslar və obyektivlik naminə arqumentlər sistemləşdirilməli, problemin müzakirəsi zamanı zəif tərəflər müəyyənləşdirilməli və ümumi nəticəyə gəlinməlidir. Qeyri-loyal siyasi dialoqun tərəfdarları isə düşünürlər ki, proses zamanı birbaşa mövzulardan yayınmalı, güc tətbiq etməli, təzyiqlər olunmalı və qarşı tərəf ittiham edilməlidir. Elə bu bölgüdən də görünür ki, Azərbaycanda hakimiyyət kifayət qədər humanizm və siyasi iradə nümayiş etdirməklə, ölkədəki bütün fəal siyasi partiyalarla birbaşa dialoqa gedir, diskussiya şəraitində ümumi problemlərdən çıxış yollarının axtarılmasına dəstək verir. Bu prizmadan çıxış edərək əminliklə demək olar ki, Azərbaycanda siyasi dialoq partiyalılıq, elmilik, nəzəriyyə və təcrübə ümumiliyi, prosesdə iştirak edən tərəflərin bir-birinə qarşılıqlı hörmət sərgiləməsi prinsipləri əsasında baş tutur.
Azərbaycanda siyasi dialoqun baş tutmasına mane olan qüvvələr də var
Lakin Azərbaycanın həm sosial-iqtisadi inkişafını, həm də demokratik tərəqqisini həzm edə bilməyən qüvvələr ölkəmizdə siyasi konsensusun olmasına qarşıdırlar və hər bir cəhdlə çalışırlar ki, ictimai-siyasi sabitliyi pozsunlar. Anti-Azərbaycan qüvvələri müxtəlif vasitələrdən istifadə etməklə narazılıq fonu yaratmağa və Azərbaycanın inkişafına xələl gətirməyə də cəhdlər edirlər. Mühüm ictimai-siyasi və mədəni-idman tədbirləri ərəfəsində ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla qazanılan uğurlara kölgə salmaq üçün bütün vasitələrə əl atırlar. Bu işdə isə əlbəttə, sübut edir ki, onlara Azərbaycandakı "beşinci kolon" köməklik edir. Elə siyasi dialoq prosesində də eyni qüvvələr dövriyyəyə girərək, hakimiyyətlə partiyalar arasındakı görüşü pozmaq istədilər. Görüş ərəfəsində anti-təbliğat prosesi qurulsa da, bu, heç bir effekt vermədi. Bu baxımdan da, onlar sonuncu varianta əl atdılar: siyasi sifarişləri reallaşdıran Müsavat və AXCP-yə görüşdə iştirak etməyi qadağan etdilər.
Radikal müxalifətin siyasi dialoqdan yayınması onların əsl mahiyyətini ortaya qoyur
Baxmayaraq ki, bir çox müxalifət partiyaları bu görüşü hakimiyyətlə müxalifət arasında münasibətlərin inkişafı və ümummilli məsələlərin müzakirəsi baxımından tədqirəlayiq proses hesab edirlər, lakin hər zaman olduğu kimi bəzi müxalifət partiyaları ənənəvi mövqelərindən çıxış edərək səs-küy salmağa başladılar. AXCP idarə etdiyi mətbuat qurumunu işə salaraq bütün gücünü görüşün üzərinə kölgə samlağa cəmləşdirdi. Bunun ardınca isə Müsavat partiyası hərəkətə keçdi və əsassız arqumentlər irəli sürərək görüşdə iştirak etməyəcəyi barədə bəyanat yaydı. Bəli, bu da uzun müddətdir dialoq deyib dünyaya car çəkən partiyaların münasibəti.
Əlbəttə ki, AXCP və Müsavatın bu mövqeyi təbii qarşılanmalıdır. Çünki iqtidar-müxalifət dialoqunun olması onların istəklərinə cavab vermir. Bununla da bir daha təsdiq olundu ki, bu partiyalar üçün korporativ maraqlar hər şeydən üstündür.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hesab edir ki, məqsədində milli maraqlar, dövlətçilik, xalqın mənafeyi olan siyasi partiyalar bu dialoqu tədqirəlayiq hesab etməlidir: "Əməlində, xislətində xəyanət, satqınçılıq, öz şəxsi marağını dövlət, xalq marağından üstün tutmaq varsa, təbii ki, onların nə edəcəyi əvvəlcədən bəllidir".
S.Novruzov qeyd edib ki, artıq AXCP, Müsavat kimi qurumların rəhbərliyində təmsil olunanlar hər hansı müstəqil qərar qəbul etmək iqtidarında deyillər: "Çünki bunların ipləri ayrı-ayrı xarici qurumların, ayrı-ayrı təşkilatların əlindədir və onlar bu ipi dartdıqca bunlar həmin təşkilatların istəklərinə uyğun olan bəyanatlar verirlər. Əgər o təşkilatlar bunların bu dialoqda iştirak etməsi ilə bağlı qərar verməyiblərsə, deməli, iştirak etməyəcəklər. Əgər onlar tapşırıq versələr ki, get sabah tezdən birinci sən otur orada, hamıdan qabaq qaça-qaça gələcəklər".
Bir sözlə, radikal müxalifətin siyasi dialoqdan yayınması onların əsl mahiyyətini ortaya qoyur.
... İkinci dialoq da baş tutdu
Radikal müxalifətin cəhdlərinə baxmayaraq, növbəti görüş də baş tutdu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə növbəti görüşü keçirilib. Dialoqda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, "Azadlıq" Partiyasının sədri Əhməd Oruc, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, "Ümid" Partiyasının sədri İqbal Ağazadə və digərləri iştirak ediblər.
İstənilən məsələ müzakirə oluna bilər...
Görüşdə hakimiyyət nümayəndələri ilə siyasi partiyalar arasında keçiriləcək gələcək görüşlərin formatı, tematikası müzakirə olundu. Həmçinin görüşlərdən sonra cəmiyyətə çatdırılacaq fikirlər, ideyalar, siyasi partiyalarla hakimiyyətin əməkdaşlığının bəzi prinsipial məsələləri, siyasi partiyaların Azərbaycan cəmiyyətində yeri, rolu, mövqeyi, ictimai-siyasi institut olaraq partiyalarda təmsilçilik, onların maliyyələşməsi, partiya və mətbuat, partiya və Azərbaycanın daxili və xarici siyasəti və digər mövzularda çıxışlar oldu.
Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər: "Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək idarəçiliyinin, daxili və xarici siyasətinin taleyini müəyyən edir. Hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif olan qüvvələr arasında ölkənin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələ müzakirə mövzusu ola bilər. Əminəm ki, bu görüşdə də siyasi partiya rəhbərləri tərəfindən yaxşı ideyalar, mövzular təklif olunacaq və biz gələcəkdə müzakirələr aparıb müəyyən fikrə gələcəyik".
Əli Həsənov deyib: "Azərbaycan hakimiyyətinin, Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsinlər, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Hazırda siyasətin formalaşdırılmasında, dövlətin idarə edilməsində ictimai şuraların yaradılmasına böyük əhəmiyyət verilir. Bütün nazirliklərdə, komitələrdə bu şuralar yaradılır. Hesab edirik ki, dövlət siyasətinin formalaşmasında da elə ictimai şura rolunu bu görüşlər oynayacaq".
Azərbaycan hakimiyyətinin humanist və demokratik jesti...
Beləliklə də, 2 aydan bir siyasi partiyalarla görüş keçirməyi planlaşdıran hakimiyyət hər zamankı kimi dialoqa hazır olduğunu isbatladı. Hətta hakimiyyət humanist və demokratik jest edərək, siyasi iradə ortaya qoyaraq görüşdən imtina edən müxalifət partiyalarını da görüşə dəvət edib. Hər halda Azərbaycan iqtidarı öz siyasi iradəsini ortaya qoydu və müxalifətlə dialoq prosesini davam etdirmək niyyətini gizlətmədi. Siyasi ekspertlər də düşünür ki, bu, mütləq öz müsbət nəticələrini verəcək və müxalifət partiyalarının da bu prosesə getdikcə daha böyük maraq göstərməsi perspektivdə ölkənin ümumi maraqları baxımından uğurlu müzakirələr və nəticələr olacaq.
"Səs" Analitik Qrupu