Bu dinləmələr ABŞ-da keçirilən dinləmələrdən fərqli olaraq sağlam və obyektiv oldu
Məlum olduğu kimi, Milli Məclisdə Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin təşkilatçılığı ilə "ABŞ-Azərbaycan münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda dinləmələr keçirilib. Müzakirələrdə dinləmələrə dəvət olunmuş siyasi partiyaların və QHT-lərin rəhbərləri, politoloqlar çıxışlarında Azərbaycan-ABŞ münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq təkliflərini bildiriblər. Dinləmələrdə aparılan fikir mübadiləsində strateji müttəfiqlər olan Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına əngəl törədən məsələlərə diqqət yönəldilib, Azərbaycanın müstəqilliyi dövründə ABŞ-la münasibətlərin inkişafında böyük və uğurlu yol qət olunduğu qeyd olunub.
Səməd Seyidov: "Azərbaycanın ABŞ-dan gözləntiləri və istəkləri var"
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Komitəsinin sədri Səməd Seyidov Azərbaycan-ABŞ münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Komitə sədri 1994-cü ildə əsrin neft müqaviləsinin imzalanmasında bu əlaqələrin rolundan danışaraq vurğulayıb ki, 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda baş vermiş terror hadisələrindən sonra Azərbaycanın dərhal terrora qarşı mübarizəyə qoşulduqdan sonra Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq daha da möhkəmləndi: "Azərbaycan-ABŞ münasibətləri strateji əlaqələrə əsaslanır və bu istiqamətdə inkişaf edir. Azərbaycan-ABŞ münasibətləri 1994-cü ildən yeni mərhələyə qədəm qoyub. "Əsrin müqaviləsi"nin imzalanması və buna o vaxtkı ABŞ prezidenti Bill Klintonun dəstək verməsi Birləşmiş Ştatların Azərbaycana hansı önəm verdiyini göstərirdi. Bu müqavilə regionun iqtisadi-siyasi xəritəsini çəkdi".
Komitə sədri onu da vurğuladı ki, bu gün Azərbaycanın terrora qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi bir dəstək göstərdiyini nəzərə alsaq, bu, münasibətlərin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir: "2001-ci ildə ABŞ-da terror hadisələrindən sonra ABŞ-Azərbaycan münasibətləri daha bir yeni mərhələyə qədəm qoydu. Azərbaycan ABŞ-la birgə bütün gücünü terrora qarşı mübarizəyə yönəltdi. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə döyüşür. Təbii ki, belə yüksək səviyyədə formalaşmış münasibətlərlə yanaşı, Azərbaycanın ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası ABŞ-ın bizim işğal altındakı torpaqlarımıza, Dağlıq Qarabağa olan münasibətidir".
S.Seyidov həmçinin bildirdi ki, ABŞ-dan "Azərbaycana selektiv yanaşmanın, ikili standartların" aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyirik: "Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və digər vacib təşkilatlarda özünə münasibətdə beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini də gözləməkdədir. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ səylərini daha çox artırmalıdır".
Siyavuş Novruzov: "Kozlarıc ABŞ demək deyil"
Məsələyə münasibət bildirən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ABŞ-ın Azərbaycanla bağlı mövqeyinin bəlli olduğunu bildirərək qeyd edib ki, ABŞ Konqresinin fəaliyyəti tam başqadır: "Biz hərdən ABŞ-dakı qeyri-hökumət təşkilatlarının fəaliyyətini Birləşmiş Ştatların adına yazırıq. ABŞ-ın Azərbaycanla bağlı mövqeyi bəllidir. Ancaq ABŞ Konqresinin fəaliyyəti tam başqadır. Azərbaycan bir tərəfdən ABŞ-la strateji müttəfiqlik edir, hava məkanını onun üzünə açır, antiterror əməliyyatına qoşulur, digər tərəfdən isə "907-ci düzəlişi" aradan qaldıra bilmir. Bu düzəliş ABŞ maraqlarına xidmət etmir. Amma erməni lobbisi imkan vermir ki, bu məsələlər öz həllini tapsın".
S.Novruzovun sözlərinə görə, Azərbaycanın ABŞ-la strateji tərəfdaş olmamasını arzulayan dövlətlər var və onların Azərbaycandakı siyasi partiyalarda, QHT-lərdə nümayəndələri var: "Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüm oldu. Görüşdə qərara gəldik ki, məsələləri bəyanatlarla deyil, müzakirələrlə, dialoqla aydınlaşdırmaq lazımdır. Kimsə Kozlaricdən həftədə bir dəfə müsahibə alıb "Azadlıq" qəzetində dərc edirsə, bu, ABŞ-ın maraqları deyil. Lakin ABŞ-la Azərbaycan arasında münasibətləri qızışdırmaq istəyən dövlətlər bunu fakt kimi ortaya atırlar. Hesab edirəm ki, bu məsələlər bizim strateji müttəfiqliyimizə heç bir xələl gətirə bilməz".
Zahid Oruc: "ABŞ-da Azərbaycanla bağlı keçirilən dinləmələrə qatılanlar açıq şəkildə Azərbaycana qarşı sərt mövqe tutublar"
Millət vəkili Zahid Oruc bildirib ki, ABŞ yenə öz köhnə oyununu oynayır: "Bu yaxınlarda Amerikada irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu, bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə, mentalitet nəzərə alınmır. Bu, onu göstərir ki, ikili standartlar hökm sürür. İndi də deyirlər ki, ABŞ Ukraynaya dəstək verir. Əslində, boş söhbətdir, ABŞ heç bir dəstək vermir, əksinə, Ukraynanı bədbəxt günə qoydu. Ukrayna torpaq itirdi, ərazisində ikinci "Dağlıq Qarabağ" yarandı. Bu, ABŞ-ın köhnə oyunudur".
Z.Oruc, həmçinin ABŞ-da Azərbaycanla bağlı keçirilən dinləmələrə qatılanlar açıq şəkildə Azərbaycana qarşı sərt mövqe tutduğunu da qeyd edib: "Amma bu tədbirə qatılanlar münasibətlərə töhfə verən çıxışlar edirlər. ABŞ-da Azərbaycanı anti-Rusiya blokuna qoşmaq istəyirlər, İrana qarşı mövqe tutmasını istəyirlər".
Azay Quliyev: "ABŞ səhv ünvandadır"
Deputat Azay Quliyev də Azərbaycanın ABŞ tərəfindən "907-ci düzəliş"in tətbiqi ilə sanksiyaya məruz qaldığını bildirərək vurğulayıb ki, regionda sanksiyaya məruz qalmalı olan yeganə ölkə Ermənistandır: "Bizim narazı qaldığımız məqamlardan biri odur ki, ABŞ birbaşa separatçılara maliyyə yardım edir. Bizim rəsmi və qeyri-rəsmi şəkildə buna etirazımız olub. Ancaq bundan imtina ediblər. Bu, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi üçün yolverilməzdir və istənilən şəkildə biz bunu açıq şəkildə müzakirə etməliyik. Biz vətəndaş cəmiyyəti institutlarını şəffaflığa dəvət edirik. Bundan ABŞ niyə narazı qalmalıdır? Biz deyirik ki, Milli Demokratiya İnstitutu 1 milyon vəsaiti qanunsuz və nağd şəkildə paylamamalı, gəncləri küçələrə çıxarmamalıdır. Bunu müzakirə etməliyik".
R.HÜSEYNOVA