Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha bir yeni ailə quran gəncin nikah mərasimi təşkil olunub. Ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edərək, önünə tər güllər düzüblər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra keçirilən nikah mərasimində rayon qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Azər Kərimovla Günay Babayevanın nikahını rəsmiləşdirdi və gənclərə nikah şəhadətnaməsini təqdim edib. Bəy və gəlinin nişan üzüklərinin dəyişdirilməsi iştirakçıların alqış sədaları altında yaddaşlara həkk olunub. Yeni evlənənlər toplaşanların çoxsaylı təbriklərini qəbul ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzulayıb. Yeni ailəyə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr təqdim edilib. Sonra yeni ailə quran gənclər "Məhəbbət əfsanəsi" filmini seyr ediblər.
Ailə həyatına qədəm qoyan gənclər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirib və sülh rəmzi olan ağ göyərçinləri havaya buraxıblar. Heydər Əliyev Parkı ilə tanışlıqdan sonra "Gəncər bağı"nda yeni salımış "Sevən ürəklər" guşəsində sərv ağacı əkiblər.
ZÜMRÜD