Prezident İlham Əliyev: "Bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz"
Son 10 il Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizə daxil olub. Bu uğurların əsasında Prezident İlham Əliyevin müasir çağırışlara cavab verən, məqsədyönlü və praqmatik siyasəti durur.
Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının böyük uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti var.
2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir. Bu məsələyə toxunan Prezident İlham Əliyev yanvarın 27-də keçirilmiş Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib ki, 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci proqramın qəbul edilməsi tarixi hadisə idi: "2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yeri yaradıldı.
O vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. O proqram da artıqlaması ilə icra edilmişdir.
Bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz. Bölgələrdə elektrik enerjisi, yol olmadan bu, necə icra edilə, o müəssisə necə yaradıla bilərdi? Ötən il də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, əldə edilən uğurlu nəticələrlə zəngin olub".
Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il ərzində bölgələrə 23 səfəri çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə imzaladığı 72 Sərəncam regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Eyni zamanda, vurğulanmalıdır ki, regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib.
Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib. İl ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq kənd yollarının tikintisi davam etdirilib, 43 Sərəncamla bu məqsədlərə əlavə vəsait ayrılıb, əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb. Ötən il 5 elektrik stansiyası istifadəyə verilib, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilib və ya əsaslı təmir olunub, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilib.
İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 26 yeni ATS istifadəyə verilib, 42 poçt şöbəsi tikilib və ya əsaslı təmir olunub. Sumqayıt, Gəncə və Sabirabadda "ASAN xidmət"in fəaliyyətə başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırıb, mərkəzlərin xidmətindən 1,1 milyondan çox vətəndaş istifadə edib. İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilib.
Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən miqyaslı işlər insanların rifahının yaxşılaşması üçün yeni imkanlar açır. Şübhəsiz ki, 2014-cü ildə başlayan "Məktəbəqədər təhsil müəssisələrinin İnkişafı Proqramı" da digər layihələr kimi uğurlu olacaq və əhalinin rifahının artmasına töhfəsini verəcək.
2014-cü ilin "Sənaye ili elan edilməsi və bu çərçivədə tədbirlər planı"nın icrası regionlarda da sənayenin inkişafına təkan verib, ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Ümumilikdə Sənaye ilində görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb. Sumqayıt Kimya-Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri bu il başa çatdırılacaq. Hazırda parkda 3 rezident qeydiyyata alınıb, 2 rezident ilə danışıqlar yekunlaşır və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcək.
Son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalıb, bəziləri üzrə isə ixrac potensialı yaranıb. 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılmış və artıq 22 zavod istifadəyə verilib. Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə, sahibkarlığın inkişafına da təkan verib.
Ötən il bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülüb, elektron xidmətlərin sayı 450-yə çatıb. Regionlarda 4400 müəssisə fəaliyyətə başlayıb, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb, regionlardan vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. İl ərzində ölkə üzrə 123 min yeni iş yeri açılıb. Gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlayıb.
2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilib, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunub. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Bundan başqa, intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasət, dövlət dəstəyi tədbirləri, eləcə də bu sahədə sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin açılması öz nəticəsini verib, idxaldan asılılığın azalmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.
Son illərdə dövlət dəstəyi tədbirləri, o cümlədən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, 3 ildə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi və ixrac imkanını yaradıb. Şəmkirdə təməli qoyulmuş və məhsulların istehsalından satışınadək bütün mərhələləri əhatə edəcək özəl pilot aqroparkında işlər artıq praktik müstəviyə keçib. Hazırda Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır, Bərdə və Xaçmazda da aqrar-sənaye kompleksləri yaradılır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilib. Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.
Bir sözlə, Prezident İlham Əliyevin müəllifi olduğu regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olub, bütün regionlarda quruculuq işləri geniş vüsət alıb, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların bu strategiyanın nəticələrinin öz gündəlik həyatında hiss etməsinə səbəb olub.
"Səs" Analitik Qrupu