"Minskdə Ukrayna, Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kanslerinin iştirakı ilə "normand dördlüyü" formatında keçirilən sammitdə əldə olunan bir sıra razılıqlara baxmayaraq, Ukrayna məsələsində mürəkkəblik hələ də qalır". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.Millət vəkili bildirib ki, Ukrayna tarixən bir neçə spesifik bölgədən ibarətdir: "Birinci, Mərkəzi Ukraynada yaşayan ümumi Ukrayna mədəniyyətinə bağlı olan icma, ikinci, uzun müddət Polşanın tərkibində olan və Qərbə sıx inteqrasiya etmiş bir Qərbi Ukrayna bölgəsi, üçüncüsü isə rusların çoxluq təşkil etdiyi Şərqi Ukrayna bölgəsi, hansı ki, onlar uzun müddət RFSR-in tərkibində olublar. Sovet dövründə bu bölgənin Ukraynanın tərkibində olması heç də vahid Ukrayna xalqının yaranmasına gətirib çıxarmadı"."Nə qədər ki hakimiyyətdə Rusiya ilə münasibətdə loyal olan, həm Moskvanın, həm də Qərbin maraqlarını nəzərə alan iqtidar var idi, bu bölgələr hər hansı bir problem yaratmırdı. Ancaq, yeni hakimiyyətin birmənalı şəkildə Qərbə maraq göstərməsi, həmin bölgədə separatçılığın güclənməsinə və Dombas və Luqanskda separat qurumların yaranmasına səbəb oldu. Ukrayna bu bölgəni yenidən öz nəzarətinə almağa çalışır. Amma, qoyulan tələblər ondan ibarətdir ki, həmin iki vilayətə və digər rusdilli vilayətlərə yüksək muxtariyyət verməlidir. Minsk görüşündə bu barədə razılıq əldə edildi. İndi, çox şey rəsmi Kiyevin hansı addımlar atacağından asılıdır. Çünki, Rusiya birmənalı şəkildə Şərqi Ukrayna vilayətlərinin istəklərini dəstəkləyir. Ukraynanın isə bu məsələdə unitar dövlət modelinin qalmasında israr etməsi bu gün öz nəticəsini vermir. Hər halda tərəflərin ümumi razılığa gəlməsi üçün potensial var. Amma bunun olub-olmayacağını gələcək göstərəcək" – deyə, millət vəkili qeyd edib.
sia.az