"Hesab edirəm ki, Laçın və yaxud Kəlbəcərin bir rayon kimi işğaldan azad olunması ayrı məsələdir, Ağdam və Füzulinin işğaldan azad olunması isə tamam ayrıdır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Türkiyənin Baş naziri Əhməd Davudoğlunun "Ermənistan Azərbaycanın işğal etdiyi bir rayonunu azad etsəydi, Türkiyə bu ölkə ilə sərhədi aça bilərdi" fikrinə münasibət bildirərkən deyib.Mərkəz sədrinin sözlərinə görə, Türkiyə Ermənistanla sərhədi Kəlbəcər rayonunun işğalına görə bağlamışdı: "Bildiyiniz kimi, ermənilər işğalı Dağlıq Qarabağ muxtar vilayəti ərazisindən kənara çıxardılar və ilk olaraq Kəlbəcəri işğal etdilər. Yəni münaqişə Dağlıq Qarabağ və DQM vilayətinin ərazisindən kənara çıxdığı üçün Türkiyə Kəlbəcərin işğalına görə Ermənistanla sərhədləri bağladı. İndi əgər Ermənistan Kəlbəcəri azad etsə, rəsmi Ankara o zaman sərhədləri aça bilər. Amma elə başa düşürəm ki, Türkiyənin Ermənistanla problemlərində qardaş ölkə gərək Azərbaycanın sırf bir rayon məsələsinin üstündə dayanmasın. Ermənistan Türkiyəyə qarşı ciddi işlər görür. Bu mənada çox yaxşı olardı ki, rəsmi Ankara özü ermənilərin gördüyü o işlərə münasibətini bildirsin. Bildiyiniz kimi, Avropa İttifaqı Türkiyənin bu quruma qoşulması ilə bağlı 442 maddədən ibarət sənəd qəbul edib. Amma orada 2-3 maddə qondarma erməni soyqırımı ilə bağlıdır. Ə.Davudoğlu buna cavab versə idi, daha düzgün olardı".
sia.az