"ATƏT-in Minsk qrupu həmsədrləri ciddi cəhdlə çalışırlar ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşə nail olsunlar və ardınca prezidentlər səviyyəsində görüş keçirsinlər. Hesab edirəm ki, səfərin də əsas məqsəd bundan ibarətdir". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan səfərini şərh edərkən deyib.Politoloq qeyd edib ki, həmsədrlərin belə görüşləri təşkil etməklə atəşkəs rejimin qorunub saxlanmasına çalışırlar: "Son bir ayda Ermənistan tərəfi 3 min dəfədən çox atəşkəs rejimini pozub. Atəşkəs rejiminin intensiv şəkildə pozulması isə istənilən vaxt hərbi əməliyyatların bərpasına səbəb ola bilər. Bundan narahat olan həmsədrlər regiona səfər edib və atəşkəsin qorunması naminə müəyyən addımlar atırlar".E. Nəsirov bildirib ki, həmsədrlərin bu səfərindən möcüzə gözləməyə dəyməz: "Həmsədrlər regiona yeni təkliflə gəlməyiblər. Bu artıq bəllidir. Ortada "Yenilənmiş Madrid Prinsipləri"ndən başqa sənəd yoxdur. Həmin prinsipləri isə Ermənistan indiyə qədər qulaq ardına vurur".
sia.az