PDF Oxu

Siyasət

  • 22

"Cənub" qaz dəhlizi dünya əhəmiyyətli layihəyə çevrilib

"Cənub" qaz dəhlizi dünya əhəmiyyətli layihəyə çevrilib

Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir

Zəngin neft və qaz ehtiyatları ilə dünya dövlətlərinin enerji təminatında mühüm yer tutan Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı hər il artmaqdadır. Artıq bütün dünya birmənalı şəkildə etiraf edir ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu müstəsna məkandır və Azərbaycan bu prosesdə başlıca rol oynayan regionun flaqmanıdır. Azərbaycan hökumətinin nümayiş etdirdiyi siyasi iradə olmasaydı və respublikamızın 19 il əvvəl əsasını qoyduğu enerji siyasəti reallaşmasaydı, hazırkı neft və qaz layihələri həyata keçməyəcəkdi, eləcə də, Avro-Asiya neft nəqli dəhlizi sisteminin yaradılması bu qədər gerçəyə çevrilməyəcəkdi.

Azərbaycan on doqquz il əvvəl Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələrini, digər layihələri həyata keçirməklə, geniş əməkdaşlıq məkanının əsasını qoyub və bu strategiya daha da möhkəmlənib. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan milli sektorunda karbohidrogen ehtiyatlarının hasilatı və nəqlinə cəlb olunub, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni etibarlı mənbə rolunu oynamağa başlayıb. Bu strategiyanı uğurla şaxələndirən Prezident İlham Əliyevin praqmatik, uzaqgörən və tam müstəqil siyasəti sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Bu səbəbdəndir ki, hər il Azərbaycanda keçirilən neft-qaz sərgilərinin iştirakçılarının sayı artıq və əməkdaşlıq platformasının sərhədləri genişlənir. Artıq bu gün Azərbaycan planetar miqyasda ən etibarlı enerji təchizatçısı hesab edilir.

Qeyd edək ki, bütün istehlakçı ölkələr birmənalı şəkildə bəyan edirlər ki, onların yanacaq təminatını uzunmüddətli və etibarlı şəkildə təmin edəcək layihələrin mərkəzi nöqtəsi Azərbaycandır. Aİ ölkələri karbohidrogen resurslarının təminatının yeganə mənbəyi kimi Xəzər dənizini, xüsusilə də ölkəmizi görürlər. Bunun da ciddi səbəbləri mövcuddur. Bu gün enerji istehlakçıları yanacağın nəqlində real bazar münasibətlərinə uyğun addımlar atan, iqtisadi resurslardan hansısa siyasi məqsədlər üçün istifadə etməyən, tərəfdaşlıqda dərin inam və etibar qazanmış təchizatçı ölkələrlə əməkdaşlığa üstünlük verirlər.

2008-ci və 2009-cu illərdə Avropada yaşanan enerji böhranı bu arqumentləri əsaslı şəkildə təsdiqləmiş oldu. Həmin vaxt Rusiya ilə Avropa İttifaqı arasında qaz münaqişəsinin gərginləşməsi Avropa dövlətlərinin enerji tədarükündə ciddi problemlər yaratdığından Aİ ölkələri Rusiyaya məxsus nəql marşrutlarının etibarlılığına inamlarını itirdilər. Çünki bu tendensiya birinci dəfə təkrar olunmurdu və Avropa ölkələri Kremlin, demək olar ki, hər il təsadüf olunan "qaz spekulyasiyalarına" məruz qalıblar. Mövcud situasiya Rusiyanın öz tərəfdaşları ilə enerji əməkdaşlığında səmimi olmadığını qəti şəkildə ortaya qoyub.

Ona görə də, Avropa İttifaqı ölkələri Rusiya ilə növbəti yanacaq böhranının meydana çıxmayacağına əmin deyil, buna heç inamı da yoxdur. İstənilən vaxt Moskvanın siyasi və iqtisadi təzyiq vasitəsi kimi qaz amilindən istifadə edəcəyi şübhə doğurmur. Bir sözlə, Avropa ölkələri mövcud problemi birdəfəlik həll etmək üçün daha etibarlı və uzunömürlü yanacaq marşrutunun imkanlarından yararlanmaq istəyirlər. Bunun üçün əsas etibarlı marşrutlar sırasında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri, AGRİ, Odessa-Brodı-Qdansk-Plotı, Cənub dəhlizi, TANAP marşrutları daha rentabelli və strateji enerji-kommunikasiya dəhlizləri hesab olunur. Bütün sadalananla yanaşı bu gün xüsusi əhəmiyyətilə seçilən "Cənub" qaz dəhlizi də diqqət mərkəzindədir.

Xatırladaq ki, hələ 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülüb, lakin bunların praktiki nəticəsi olmayıb. Azərbaycan bu sahədə də liderliyi öz əlinə alıb və "Cənub" qaz dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanıb.

2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub" qaz dəhlizi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, 2013-cü il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. 2014-cü il fevralın 12-də isə Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib və "Cənub" qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, mətbuat üçün bəyanat qəbul edilib.

Beləliklə də, Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir. "Cənub" qaz dəhlizi Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərib. Eyni zamanda, "Cənub" qaz layihəsi Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın əhəmiyyətini daha da artırıb.

Hazırda dünya enerji bazarında aparıcı yer tutan Azərbaycanın qarşıdakı yaxın illərdə hasilatı 20-30 faiz artırması üçün potensial enerji mənbələri mövcuddur. ölkəmizin illik neft hasilatı 50 milyon tondan çoxdur. Qaz hasilatı isə 25 milyard kubmetrə yaxındır. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac edilir, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana və digər ölkələrə nəql olunur. Bu real göstəricilər Azərbaycanın zəngin enerji resursları ilə bölgədə böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrildiyini şərtləndirir.

Qarşıdakı illərdə Azərbaycan qazı Qərbi, Şərqi və Mərkəzi Avropa dövlətləri ilə yanaşı, uzaq Asiya, Yaxın Şərq və Mərkəzi Asiya regionu dövlətlərinə ixrac olunacaq. Respublikamız qazla yanaşı, neftin yeni ixrac kəmərlərinin yaradılmasını da əsas hədəflərdən sayır. Artıq ölkəmiz Yaxın Şərq, Qərbi Afrika, Uzaq Asiyanın bir çox dövlətlərində neft terminalları yaratmağa başlayıb. Yanacaq tankerlərlə həmin terminallara çatdırıldıqdan sonra strateji nəql marşrutlarına vurulacaq və beləliklə, bölgədə bir çox dövlətlərin ehtiyaclarını ödəyəcək. Bu cür marşrutlardan ən sərfəlisi və rentabellisi Aralıq-Qırmızı dəniz akvatoriyasındakı çoxşaxəli nəql infrastrukturu hesab olunur. Həmin marşrut birbaşa Misir və digər qonşu dövlətləri əhatə edir.

Azərbaycan hökuməti ilə Misir arasında əldə olunmuş razılığa əsasən, ölkəmizə məxsus yanacaq ehtiyatları Aralıq dənizi vasitəsilə bu ölkəyə çatdırılacaq. Yəni Bakı-Tbilisi-Ceyhan kəmərinin perspektivdə nəql gücünün artırılması və bu kəmərin digər ixrac marşrutları ilə birləşdirilməsi hazırda ən real layihədir.

Göründüyü kimi, bu gün Avropa dövlətlərinin yanacaq təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla yeni ixrac marşrutlarının yaradılmasına imza atır. Respublikamız diversifikasiya siyasəti yürüdərək bölgənin coğrafi xəritəsini dəyişir, dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. Bu faktorlar, eyni zamanda, Azərbaycanın 100 - 200 il dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına dərin əsaslar yaradır.

Ümumiyyətlə, Azərbaycan enerji ehtiyatlarının ixracını çoxşaxəli şəkildə və bütün ölkələrin təminatında həlledici rol oynaya biləcək sistem üzrə həyata keçirəcək. Ölkəmizin mövqeyi enerji təchizatının şaxələndirilməsi siyasətinin davam etdirilməsi ilə bağlıdır və indiyədək istifadəyə verilən çoxşaxəli boru kəmərləri də bunun təsdiqi sayıla bilər. Respublikamız bu addımı atmaqla yanacaq bazarındakı ədalətli qiymət siyasətini, azad rəqabət imkanlarını təmin etmiş olur.

"Səs" Analitik Qrupu

Digər xəbərlər