İlham Əliyev: "Qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri bizim üçün həmişə gündəlikdə bir nömrəli problemdir"
Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən zəbt olunması bir milyondan çox qaçqın və məcburi köçkünü ciddi problemlərlə üzləşdirdi. Ancaq müstəqil Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxdı, onların sosial problemlərinin həlli ilə mütəmadi məşğul olmağa başladı. O da həqiqətdir ki, işğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev qaçqınlara xüsusi qayğı göstərmiş, bu insanların problemlərini özünün bir nömrəli problemi adlandırırdı. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hakimiyyətdə olduğu illərdə bu problemin həllini hər an diqqət mərkəzində saxlamışdır. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsındə minlərlə məcburi köçkün ailəsi mənzillə təmin olunmuş, onların digər sosial ehtiyacları aradan qaldırılmışdır. Dövlət başçısı Ağdamda məcburi köçkünlər üçün inşa edilmiş qəsəbənin açılış mərasimində çıxışı zamanı demişdir: "Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni bir sözlə, biz hər il, demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün biz, ilk növbədə, bu addımları atmalıyıq".
46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim xüsusi diqqət mərkəzində olmasının nəticəsidir ki, bu gün 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Xatırlatmaq yerinə düşərdi ki, hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən Cənab İlham Əliyev "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər. Belə qəsəbələrin açılışında Prezident İlham Əliyevin iştirakı isə qaçqın və məcburi köçkünlərə nə dərəcədə yüksək səviyyədə qayğı göstərildiyinin daha bir real sübutudur. Yaradılan şəraitlə dövlət başçısının bilavasitə yerində tanışlığı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması həm də Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin real göstəricisidir.
Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınmış, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmışdır. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür. Prezident İlham Əliyevin Sərəncamına əsasən məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artmışdır. Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalmış, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına 5,1 milyard manat vəsait sərf olunmuşdur ki, bunun da 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Həmin vəsaitin 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunubdur. Bütövlükdə 2014-cü ildə bu məqsədlə 630 milyon manat həcmində vəsait ayrılıb, həmin vəsaitin 273 milyonu büdcə, 300 milyonu Dövlət Neft Fondunun və 57 milyon manatı beynəlxalq humanitar və digər təşkilatların vəsaiti olubdur. Məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması işi davam etdirilib. Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində 600, Saatlı rayonunda 230, Qaradağ rayonunda 200, Mingəçevir şəhərində 594, Balakən rayonunda 45, Qaradağ rayonunda 240 və Abşeron rayonunda 160 ailə bütün sosial- texniki infrastruktura malik yeni salınmış qəsəbə, yaşayış kompleksi və ya fərdi evlərə köçürülübdür. Gəncə şəhərində iki qəsəbə istifadəyə verilibdir. Ötən il, həmçinin, Bakının Yasamal rayonu ərazisində müvəqqəti məskunlaşmış 262, Axıska türklərindən 111 ailə də yeni mənzillərə köçürülübdür.
Beləliklə, bu gün qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Ölkə başçısı da bildirib ki, gün gələcək biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və ondan sonra dağıdılmış şəhərləri yenidən quracaq və bərpa edəcəyik: "Azərbaycanlılar öz doğma torpaqlarında yaşayacaqlar, yaşamalıdırlar. Bununla bərabər, biz soydaşlarımız üçün müvəqqəti olaraq belə gözəl binalar tikirik. Ancaq bu, müvəqqəti yaşayış yeridir. Bu yerlərdə hələ ki, siz yaşamalısınız və müvəqqəti də olsa, şərait yaxşı olmalıdır".
Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və Onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər.
RƏFİQƏ KAMALQIZI