"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Dilqəm Əsgərovla Şahbaz Quliyevin erməni girovluğunda saxlanmalarını dəhşətli cinayət adlandırması və özü də bu fikri Ermənistanda səsləndirməsi son dərəcə önəmli məsələdir". SİA-nın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev bildirib.S. Alıyev deyib: "Məsələnin önəmliliyi təkcə belə çağırışlardan sonra ermənilərin soydaşlarımızı azadlığa buraxmaqdan başqa ayrı yollarının qalmaması ilə bağlı deyil. Təbii ki, əgər daha bir həmsədr ölkənin yüksək çinli təmsilçisi hərbi xuntanı girovluqdakı soydaşlarımızı azad etməyə çağırırsa, özü də onların Xankəndində saxlanmalarını dəhşətli cinayət adlandıraraq çağırırsa, dalana dirənən ermənilər gec-tez onları buraxacaqlar. Amma burada daha 2 önəmli məsələ var. Birincisi budur ki, öz açıqlaması ilə Viktoriya Nuland nə qondarma rejimi, nə də onun uydurma məhkəməsini tanıdıqlarını ortaya qoydu. İkincisi, onun azərbaycanlıları öz torpaqlarında girov götürülmələrini dəhşətli cinayət adlandırması əslində dolayısı ilə da olsa, Sarkisyan rejiminə verilən qiymətdir. Bu o deməkdir ki, amerikalılar Ermənistanda cinayətkar bir rejimin olduğunun yaxşı fərqindədirlər. Sadəcə, Vaşinqtondakı bəlli çevrələr hələlik ermənilərə Nikaraquanın keçmiş diktatoru Somosaya bir zamanlar yanaşdıqları kimi yanaşırlar".
sia.az