Artıq "Bakı-2015" ilk Avropa Oyunlarının keçirilməsi tarixinə az zaman qalır. Oyunların yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri sürətlənib. Görülən işlər bir daha təsdiq edir ki, beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək Bakı olduqca nümunəvi tərzdə keçiriləcəyi gözlənilən ilk Avropa Oyunlarının təşkilində tarixə imza atacaq.
Qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii sərvətləri olan ölkəmiz beynəlxalq tədbirlər üçün əlverişli məkanadır. Təbii ki, Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Ölkə başçısı Cənab İlham Əliyevin ardıcıl olaraq həyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Böyük Britaniyanın nüfuzlu "Economia" jurnalında bu il iyunun 12-dən 28-dək keçiriləcək "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı dərc olunan məqalədə Avropa Oyunlarının Azərbaycan üçün böyük məsuliyyət olması, eyni zamanda, ölkəmizi təqdim etmək baxımından əhəmiyyətli olması diqqətə çatdırılır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin səyi ilə Azərbaycanın bu oyunları ən yüksək səviyyədə təşkil edəcəyi vurğulanan məqalədə ölkəmizdə idmana dövlət səviyyəsində ayrılan diqqəti də önə çəkilir. Artıq neçə ildir dünyanın idman ailəsinə daxil olan ölkəmiz beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverilşli məkan funksiyasını yerinə yetirir.
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. Məhz bu səbəbdən də beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir. Məqalədə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul olunduğu diqqətə çəkilir. Müəllif qeyd edir ki, AOK-un layihəsi olan "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə keçiriləcək. Yarışlarda idmanın 20 növü (onlardan 16-sı olimpiya, dördü isə qeyri-olimpiya idman növüdür) üzrə 6 mindən çox idmançının iştirakı gözlənilir. "Bakı-2015"-də ənənəvi idman növləri olan atletika, gimnastika ilə yanaşı, basketbol (3x3), çimərlik futbolu və karate kimi yeni idman növləri də yer alacaq.
Müəllif məqalədə qeyd edir ki, Azərbaycanın 2012-ci ildə ev sahibliyi etdiyi "Eurovision" Mahnı Müsabiqəsi kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübə qazanıb. Sözsüz ki, bu təcrübədən yararlanılacaq. Avropa Oyunları ərəfəsində Bakıda sürətli tikinti, abadlıq-quruculuq işləri aparılır, nəqliyyat infrastrukturu yenilənir. Paytaxtda yeni aerovağzal kompleksi istifadəyə verilib.
Məqalədə "Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Marinin fikirlərinə də yer verilir. Uilyam Lui-Mariyə istinadla bildirilir ki, Azərbaycan getdikcə daha çox maraq cəlb edir, bu ölkəyə gələn turistlərin sayı sürətlə artır. Bakı çox gözəl şəhərdir. Bu şəhərdə yeni otellər, dağ-xizək turizm kompleksləri tikilir. Azərbaycan xarici qonaqlar üçün çox maraqlı bir ölkədir.
Jurnal yazır ki, Avropa Oyunlarına ev sahibliyi Azərbaycana gələcəkdə mötəbər idman yarışlarını keçirməyə imkan verəcək. Gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadası və "Formula-1" üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunları, "Avro-2020"-nin final mərhələsinin bir neçə qarşılaşması məhz bu yarışlardandır. Məqalədə "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi xatırlanır. Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqə istinadla qeyd edilir ki, Mehriban Əliyeva oyunların uğurla keçirilməsi işinə xüsusi diqqət yetirir.
Yazıda Avropa Oyunları kimi mühüm bir tədbirin keçirilməsi ilə bağlı qərarın qəbul edildiyi 2012-ci ildən 2015-ci ilə qədərki zamanın qısa olmasına baxmayaraq, bu oyunlara yüksək səviyyədə hazırlığın getdiyi diqqətə çatdırılır. Bildirilir ki, həmin qərarın qəbul edildiyi ilk vaxtlarda oyunlara hazırlıq üçün cəmi iki il yarım vaxtın olması ilə əlaqədar müəyyən narahatlıqlar yarana bilərdi, amma görülən işlər, həyata keçirilən layihələr yarışların uğurla keçiriləcəyini deməyə əsas verir. Oyunları izləmək üçün dünyanın müxtəlif ölkələrindən Bakıya gələcək təkcə idman ictimaiyyətini deyil, siyasi, iqtisadi, mədəni dairələri də təmsil edən çoxsaylı insanlar bunun şahidi olacaqlar.
Həqiqətən də məqalədə vurğulandığı kimi, idmanın Azərbaycan cəmiyyətində xüsusi yer tutduğundan "Bakı-2015" idman tarixində mühüm yer tutacaq. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər.
Nəzakət ƏLƏDDİNQIZI