"Bu ölkədə heç bir həbs siyasi motivli ola bilməz, bu günə qədər olmayıb, bundan sonra da olmayacaq. Nə müxalifətçinin, nə də qeyrisinin həbsi". Bunu SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev Günel Həsənlinin həbsi ətrafında AXCP sədri Əli Kərimli və "Azadlıq" qəzetinin yaratmış olduğu növbəti süni ajiotaja münasibət bildirərkən söyləyib.Onun sözlərinə görə, sadəcə Əli Kərimli və onun kimi saxta demokratiya aşiqləri, beynəlxalq cəbhəyə "işləyən" demoqoqlar siyasətlə məşğul olan bütün radikalistləri toxunulmazlıq statusunda görürlər: "Onlar düşünürlər ki, bir tək siyasətlə məşğuldurlar deyə ağıllarına gələn cinayətləri, qanunsuzluqları da törətməkdə sərbəstdirlər. Belə bir şey isə yoxdur. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Kimliyindən asılı olmayaraq. Bəli, ola bilər şikayətçi yoxdur. Amma hər kəsə hüquq dərsi keçən Cəmil Həsənli bir də gedib qanunları vərəqləsin və baxıb görsün ki, şikayətçinin olmaması istintaq gedişində bəzi tip cinayətlərin xitamına imkan verir, ya yox. Ya da belə deyək. İndi siz bir tək bu hakimiyyətə müxalifsiniz deyə milləti avtomobillər altında yerlə bir sürüməlisiniz? Yoxsa hüquq mühafizə orqanları, məhkəmələr Əli Kərimli başda olmaqla sizlərin təlimatı əsasında çalışmalıdır"?"Təbii, kimsənin həbsi ürəkaçan hal deyil. Ələlxüsus da o, qadındırsa. Amma bununla bərabər riayət etməyə, pozmamağa məcbur, daha doğrusu borclu olduğumuz qanunlar da kimsə qarşısında cinsiyyət və siyasi mənsubiyyət fərqini qoymur. Cinayətin nəticəsi hissəsi cəzadır. Yəni, ən məntiqli olan budur. Vəssalam" -deyə, partiya sədri bildirib.
sia.az