Bu gün Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə Xocalı faciəsini özündə əks etdirən fotosərgi ilə tanış olublar.Tədbirdə giriş sözü ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təhmuraz Tağıyev Xocalı faciəsinin xalqımıza qarşı törədilən ən qanlı hadisələrdən biri olduğunu qeyd edib: "Xocalı faciəsinin beynəlxalq müstəvidə bir soyqırımı kimi tanıdılmasında Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət dayanır. Dünyanın bir çox ölkələri artıq soyqırımı insanlığa qarşı cinayət kimi tanıyır. Bu faciə bəşər tarixində ən qanlı faciə kimi yaddaşlarımızda dərin iz buraxıb".Çıxış edən Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından Xocalı faciəsinə siyasi qiymət verildiyini qeyd edib: "Yalnız Ulu Öndərin müdrik siyasəti nəticəsində faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısı göstərilib. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir".YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı isə öz çıxışında Xocalıda dinc əhaliyə qarşı törədilən qətliamın dünyaya çatdırılmasında gənclərin rolundan bəhs edib.Sonda təşkilat sədri T. Tağıyev tədbir iştirakçılarına və çıxışçılara öz təşəkkürünü bildirərək hər il bu tarixi faciənin ildönümünün qeyd olunmasının gənc nəslin milli-mənəvi təfəkkürünün formalaşmasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyətini bir daha nəzərə çatdırıb.
sia.az