Belçika Krallığının Ghent şəhərində "Azərbaycan-Belçika Dostluq Cəmiyyəti", "Gent Türk Ocağı", "Met Steun van FZO-VL" təşkilatı (Öz Dərnəklər Federasiyası) və TÜRKSAM-ın təşkilatçılığı ilə Xocalı faciəsinin növbəti ildönümü sərgi və konfransla yad edilib. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, konfransda çıxış edən Səfir Fuad İsgəndərov Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilən ən vəhşi akt kmi qiymətləndirib.Səfir son 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının erməni terroruna məruz qalmasına baxmayaraq, azərbaycanlıların terrora terrorla cavab vermədiyinə diqqət yönəldib və bunun Azərbaycan xalqının sülhsevərliyinin sübutu olduğunu vurğulayıb.Konfransda çıxış edən Türkiyənin Antverpen şəhərindəki konsulu A. Sevim, Azərbaycan – Belçika Dostluq Cəmiyyətinin sədri A.Dəmirçi və digər təşkilat rəhbərləri Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc nəsilə çatdırılmasının vacibliyini vurğulayıblar.Natiqlər Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd etmiş və Azərbaycan və türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıblar.Konfrans və sərgi Belçikada fəaliyyət göstərən türkdilli KİV-də geniş şəkildə işıqlandırılıb.
sia.az