Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Belçikadakı Azərbaycan və Türk diaspor təşkilatları Gent şəhərində anım mərasimi keçiriblər. Azərbaycan Belçika Dostluq Cəmiyyəti, Gent Türk Ocağı və Vlander Müstəqil Təşkilatlar Federasiyası ("FZO-VL") birgə gerçəkləşdirdiyi tədbirdə Xocalı faciəsi barədə qısa məlumat verildikdən sonra bir dəqiqəlik sükutla soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Daha sonra Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri Fuad İsgəndərov, Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov, Türkiyənin Anves Baş konsulu Ali Sevim, "Belçika-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri Ayhan Dəmirçi, Gent Türk Ocağının sədri Erdal Böcük, Vlander Müstəqil Təşkilatlar Federasiyasının rəhbəri Ceylan Kara və digərləri çıxış edib. Çıxış edənlər XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından, erməni vəhşiliklərindən danışıb, Azərbaycan həqiqətlərinin Avropa, dünya ictimaiyyətinə çatdırılmasında türk xalqlarının dəstəyinin vacibliyindən söz açıblar.
Sonda tədbirin təşkilatçılarından biri Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi iştirakçılara Azərbaycan Respublikasının üçrəngli bayrağını hədiyyə edib. Gent Türk Ocağının qərargahında keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Gent bələdiyyəsinin üzvləri, bir çox təşkilatların rəhbərləri və təmsilçiləri, yerli jurnalistlər də iştirak edib.
NƏZAKƏT