Fevralın 23-də YAP Lerik rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə YAP fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin hümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla şəhidlərin xatirəsini yad ediblər.
Sonra tədbiri giriş sözü ilə partiyanın rayon təşkilatının sədri Elxan Qənbərov açaraq Xocalı qətliamı barədə məlumat verib. Qeyd olunub ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi bu gün də məlum deyil.
Sonra YAP rayon təşkilatı sədrinin müavini Elman Rəcəbovun məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.
XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Çıxışlarda rayon təşkilatının Gənclər Birliyi sədrinin müavini Ramin Ağayev, "Heydər Əliyev Mərkəzi"nin direktoru Hüsaməddin Abbasov və digərləri öz çıxışlarında faciənin törətdiyi fəsadlardan, erməni qəsbkarlarının insanlığa sığmayan hərəkətlərindən, bu faciəyə dünya ictimaiyyətinin göz yummasından, Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə bu hadisəyə siyasi qiymət verdiyindən danışıblar.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub.
sia.az