Elşad Mirbəşiroğlu: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının göstərdiyi konstruktiv mövqeyi fonunda Ermənistanın destruktiv fəaliyyətinə dünya birliyinin hələ də ikili yanaşma nümayiş etdirməsi nə zamana qədər davam edə bilər? Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmamasının əsas səbəbi dünya ictimaiyyətinin ikili mövqedən yanaşmasıdır: "Bəzi dövlətlər və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı oybektiv mövqe nümayiş etdirmir. Yəni Azərbaycanın ərazilərinin işğal olunması faktı birmənalı olaraq qəbul olunmur. Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Həmin qətnamələr də işğalçı Ermənistanın adı konkret olaraq çəkilmir. Bu özlüyündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə çox böyük mənfi təsir göstərən amildir".
Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə, dünya birliyi Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi: "Təəssüflər olsun ki, bu gün açıq şəkildə Ermənistanın işğalçı bir ölkə olması etiraf olunmur. Bu da beynəlxalq birliyin ermənipərəst mövqedən çıxışını göstərən məqamdır. Təbii ki, hər zaman Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına sədaqət nümayiş etdiribdir və dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi üçün bütün səylərini səfərbər edir. ATƏT-in Minsk Qrupunun təklif etdiyi yenilənmiş Madrid prinsipləri əsasında problemin tənzimlənməsinə Azərbaycan tərəfi müsbət yanaşmışdır. Azərbaycan dövləti bu prinsiplərə "hə" dediyi vaxtda Ermənistan hələ də bu prinsiplərə münasibət sərgiləməmişdir. Bu da onu göstərir ki, işğalçı ölkə olan Ermənistan münaqişə vəziyyətinin qalmasında maraqlı bir tərəfdir. Bir sözlə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil. Ermənistan bir dövlət olaraq işğalçılıq siyasətini prioritet kimi qəbul etdiyini göstərir. Bu baxımdan da, bu günə kimi, münaqişə öz həllini tapmayıb. Yəni münaqişəsinin mahiyyətinə, səbəblərinə və tənzimlənməsi prosesinə qeyri-obyektiv, konstruktiv yanaşması Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına səbəb olub".
GÜLYANƏ