PDF Oxu

Siyasət

  • 26

Ölkə Prezidenti xalqı əmin etdi

Ölkə Prezidenti xalqı əmin etdi

İlham Əliyev: "Manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi"

Son bir neçə gün ərzində Milli Bankın manatın məzənnəsi ilə bağlı verdiyi qərarın əsaslı olduğu bir daha aydın oldu. Daha doğrusu, Azərbaycan Prezidenti İlham Əliyevin manatın məzənnəsinin ucuzlaşması səbəblərini sadə dillə aydınlaşdırması dövlətin iqtisadi-siyasi kursunun sabit olduğunu göstərdi. Dövlət başçısının Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olduqdan sonra xəstəxananın kollektivi ilə görüşündəki çıxışı onu deməyə əsas verir ki, bu gün müasir Azərbaycan dövləti özünəməxsus inkişaf yolu ilə gedir. Bu yolda atılan addımlar, verilən qərarlar düşünülmüş, uzaqgörən siyasətlə bağlıdır. Dövlət Azərbaycan xalqını mümkün risklərdən qoruyur, ölkədə sabitliyi möhkəmləndirir.

Prezident İlham Əliyev çıxışında xalqı açıq şəkildə əmin etdi ki, sosial siyasət Azərbaycanda həmişə olduğu kimi, prioritet məsələdir. Azərbaycan xalqının rifahı üçün dövlət tərəfindən sosial-iqtisadi layihələr gerçəkləşdiriləcək. Valyuta məzənnəsi ilə bağlı aparılan siyasət sosial məsələlərə daha çox vəsaitin xərclənməsinə, büdcədə problemlərin həllinə imkan verəcək: "Həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında baş verən xoşagəlməz hadisələr Azərbaycanda gedən işlərə mənfi təsir göstərməyib. Çünki biz artıq özümüzü müdafiə etməyə, öz seçimimizi müdafiə etməyə hazırıq. Ancaq iqtisadi sahədə bölgədə gedən xoşagəlməz proseslər, əlbəttə ki, bizə də təsir göstərmişdir. Bir neçə gün əvvəl manatın məzənnəsində dəyişiklik edilmişdir. Qeyd etməliyəm ki, biz 2006-cı ildə pul islahatları həyata keçirdik. 2005-ci ildə belə qərar verilmişdi. 2006-cı ilin əvvəlindən bizim pul islahatımız başa çatmışdır. Təbii ki, yaşlı nəsil bunu xatırlayır. O vaxta qədər 1 dollar 5000 manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 manat 1 dollar oldu və 10 il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu, bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq eyni zamanda qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlamışdır. Üstəgəl, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərmişdir. Eyni zamanda, manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdi ki, manat bir az ucuzlaşsın".

Dövlət başçısı yanvar ayında regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransında dediyi fikirləri bir daha xatırladaraq bildirib ki, o vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu, iqtisadiyyatımıza mənfi təsir göstərir: "Regionda baş verən hadisələr, dünyada neftin qiymətinin aşağı düşməsi mənfi nəticələrə gətirib çıxarır. Bu, birinci bir siqnal idi. Ondan sonra Mərkəzi Bank açıqlama vermişdi ki, tədricən, ilin sonunadək manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı və bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda, bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün minimum 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində manat əvvəlki səviyyəyə enmişdir. İslahat başlayanda 1 manat 1 dollar idisə, indi də 1 manat 1 dollara bərabərdir".

Prezidentdən sərt bəyanat: "Süni qiymət artıranlar cəzalandırılacaq"

Dövlət başçısı, həmçinin Azərbaycanda süni qiymət artıranlara qarşı sərt bəyanatla çıxışı zamanı bildirdi ki, bütün qurumlara göstəriş verilmişdir ki, süni qiymət artımına yol verilməsin. Dövlət başçısının xəbərdarlığı bir daha əminlik yaradır ki, süni qiymət artıranlar cəzalandırılacaq. Belə bir sual ortaya çıxır: necə ola bilər ki, ərzaq məhsulları əsasən Azərbaycanda istehsal edilir, lakin bu məhsullarda qiymət artmalıdır? Cavab aydındır və bundan istifadə edəcək "işbazlar"ın cəzası ciddi olacaq: "Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Son illər Azərbaycanda istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq"

Beləliklə, bütün bunlar bir daha onu göstərir ki, ölkə Prezidentin iradəsi ilə ölkəmizdə inkişafı uğurla davam etdiriləcək iqtisadi və siyasi sahədə düşünülmüş addımlar atılacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər