"Amnesty İnternational": "Yerli hüquq müdafiəçiləri polis şöbələrində vətəndaşlara qarşı zorakılıq və güc tədbiq edilməsi faktları barədə danışırlar"
"Amnesty İnternational" hüquq müdafiə təşkilatının 2013 və 2014-cü ilin yekunlarına dair hazırladığı növbəti hesabatında Ermənistanda insan hüquqlarının pozulması barədə kifayət qədər fikirlər yer alıb. SİA-nın məlumatına görə, hesabatda bildirilir ki, il ərzində polis bir neçə dəfə dinc etirazçılara qarşı zor gücü tədbiq edib: "Martın 7-də yüzlərlə insan Maliyyə Nazirliyinin qarşısına onların maraqlarına cavab verməyən pensiya islahatlarına qarşı etiraz səslərini ucaltmaq üçün toplaşmışdı. Polis isə dinc etirazçıları qovmuş, üç nəfəri həbs etmiş, digərlərini isə cərimələmişdi. Sübut olunub ki, onlardan iki nəfəri polisin xüsusi amansızlığı ilə üzləşib".
Hesabatda həmçinin bildirilir ki, iyunun 23-də İrəvanda elektrik enerjisinin bahalaşmasına görə etiraz aksiyası keçirən 50 nəfəri zorla ərazidən uzaqlaşdırıb. Nəticədə 27 nəfər həbs olunub: "Həmin gün gec saatlarda hüquq-mühafizə orqanlarının əməkdaşları Kentron inzibati rayonunun polis şöbəsi qarşısında həbs olunmuş etirazçıların azadlığa buraxılmasını gözləyən 3 jurnalistə qarşı aşırı fiziki güc tədbiq edib".
"Amnesty İnternational" Ermənistanda qadınların da hüquqlarının pozulması barədə hazırladığı hesabatda qeydlər edib: "Noyabrın 5-də qeyri-kommersiya təşkilatı olan "Qadın resursları mərkəzi" nin üzvləri və digər qadın hüquqlarının müdafiə təşkilatlarının təmsilçiləri məhkəmə zalını tərk edərkən, onlar hədələnməklə yanaşı, təhqir də ediliblər. Həmin qadınlar evində zorakılığa məruz qalmış qadının hüquqlarını müdafiə etməyə getmişdilər.
2013-cü ildə isə "Qadın resursları mərkəzi" anonim şəkildə qisas və hədə məktubları alıb. Buna səbəb kimi, həmin təşkilatın hakimiyyətdən qadın və kişilər barədə bərabərhüquqluluq qanununun qəbul etməsi tələbi göstərilir: "Lakin bu işlər barədə bir dənə də olsa, ciddi və effektiv araşdırmalar aparılmayıb…Yerli hüquq müdafiə təşkilatları bu gün də polis şöbələrində saxlanılan vətəndaşlara qarşı yüzlərlə aşırı zorakılıq və güc tədbiq edilməsi faktlarının olduğunu söyləyirlər. Ermənistan hakimiyyəti müxalifət lideri Şant Arutunyanın, eləcə də 13 fəalın həbsdə olduqları müddətdə döyülməsi faktına hələ də etinasız yanaşır, onu araşdırmırlar. Eyni zamanda martın 7-də saxlanılmış müxalifət fəallarının döyülmə faktları da eyni aqibəti yaşayır".
sia.az