Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda Xocalı soyqırımının 23–cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 1992-ci il fevralın 26-da erməni işğalçıları tərəfindən törədilən dəhşətli qətliam barədə məlumat verib. İnstitutun direktoru bu hadisənin təkcə türk milləti üçün deyil bütün bəşər tarixinə qarşı törədilən vəhşilik və yaddaşlarda iz buraxan qanlı soyqırımı olduğunu vurğulayıb. Bildirilib ki, Xocalı soyqırımını dünyada tanıtdırmaq şəhidlərimizin ruhu qarşısında vətəndaşlıq və insanlıq borcumuzdur.
T.Məmmədov, həmçinin Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüsün ulu öndər Heydər Əliyevə məxsus olduğunu, 1994-cü il fevralın 24-də Milli Məclisin "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdiyini xatırladıb.
Sonda Xocalı soyqırımının dəhşətlərindən bəhs edən sənədli film nümayiş olunub.
AzərTAc