PDF Oxu

Siyasət

  • 30

“ARGTMŞ daima Azərbaycanın maraqlarını təmsil edəcək” AÇIQLAMA

“ARGTMŞ daima Azərbaycanın maraqlarını təmsil edəcək” AÇIQLAMA

Biz Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) olaraq, 112 gənclər təşkilatını birləşdirən ölkənin ən böyük gənclər platformasıyıq. Bir platforma olaraq, hər bir Azərbaycan vətəndaşı kimi Xocalı soyqırımının dünyaya çatdırılması bizim mənəvi borcumuzdur. Onlar bilsinlər deyə deyil. Qanı tökülmüş insanların ruhu şad olsun deyə. Ədalət öz yerini tapsın deyə". Bunu SİA-ya ARGTMŞ-nın Baş katibi Seymur Hüseynov deyib.Onun sözlərinə görə, ildən-ilə Xocalı faciəsinin soyqırım kimi tanınması üçün dövlət rəhbərliyi tərəfindən bir çox mühüm tədbirlər həyata keçirilir: "Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan "Xocalıya Ədalət" kampaniyası vasitəsilə artıq Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Sözsüz ki, atılan bütün addımlar və həyata keçirilən fəaliyyətlər dünya ictimaiyyətinin Xocalı faciəsini soyqırım kimi tanıması naminədir. Bir gənclər platforması kimi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası hər il əməkdaşlıq etdiyi beynəlxalq gənclər platformaları arasında Xocalı həqiqətlərinin tanınması naminə bir sıra fəaliyyətlər həyata keçirir. Bu il də, hər il olduğu kimi, Xocalı soyqırımı ərəfəsində bir sıra aksiyalar həyata keçirdik. Bunlardan biri, 26 fevral tarixində start verilən və qondarma erməni soyqırımının anım gününə qədər davam edəcək elektron poçt imza aksiyasıdır. Belə ki, istənilən şəxs, istənilən qurum, təşkilat, şirkət aksiyaya qoşularaq istifadə etdiyi şəxsi və korporativ e-poçt ünvanlarında öz imzasının altında "Xocalıya Ədalət" bannerini yerləşdirə bilər. Bu isə aksiya iştirakçılarının bütün ölkə daxili və beynəlxalq yazışmalarında, yazdığı hər bir elektron poçtun Xocalı həqiqətləri haqqında məlumat daşıyıcısı olması deməkdir və bu bannerin istifadəsi ilə göndərilən hər bir e-poçt "Xocalıya ədalət" kampaniyasına dəstəkdir. Bu səbəbdən hər bir azərbaycanlını və Azərbaycanın dostunu bu sadə üsuldan istifadə etməyə çağırıram. Təlimatlarla www.khojaly.nayora.az saytına daxil olub tanış ola bilərsiniz".S.Hüseynov bidirib ki, həyata keçirilən növbəti aksiya, əməkdaşlıq etdiyimiz beynəlxalq gənclər təşkilatlarını Xocalı faciəsinin soyqırım olaraq tanınması üçün hazırlanmış petisiyaya qoşulmağa dəvət etməkdən ibarət olub: "Tərəfimizdən dünyanın gənc liderlərinə, gənclərlə işləyən qurumlara və beynəlxalq təşkilatlara müraciət göndərilib. 150-yə yaxın ölkə əhatə olunub. Bu siyahıda Avropa Gənclər Forumunun üzvü olan 99 beynəlxalq gənclər təşkilat və Gənclər Milli Şuraları, Avropa Şurasının "Nifrətə Nitqinə Yox" Hərəkatı Beynəlxalq Kampaniyasının 47 ölkədə Milli Koordinasiya Komitələri, bütün qitələrdən olan aparıcı gənclər platformalarını birləşdirən Dünya Gənclər Assambleyasının üzvü olan 140 beynəlxalq təşkilat və Gənclər Milli Şuraları, Avropa Birliyinin 28 ölkəsində Gənclər Proqramının iştirakçıları olan Avropanın gənc liderləri və gənclər təşkilatları, BMT Gənclər Proqramlarının iştirakçıları, BMT Baş Assambleyasının gənc elçiləri, eləcə də fəal gənclərə müraciət göndərilib. Müraciətin göndərilməsindən heç bir saat keçmədi ki, ermənilərdən dərhal reaksiya gəldi. Belə ki, Avropa Şurasının aparıcı gənclər kampaniyası olan, Avropa Şurasının Baş Katibi Cənab Yaqland tərəfindən elan olunmuş "Nifrət Nitqinə Yox" Hərəkatı Kampaniyasına aid qapalı şəbəkələrdə ermənilər həmişəki kimi hiylələrə əl atdı, beynəlxalq ictimaiyyəti, xüsusən də kampaniyanın Avropada sosial şəbəkələrdə təbliğat aparan fəallarını öz tərəfinə çəkməyi, Xocalı mövzusundan yayındıraraq siyasi kontekstə salmağa çalışdı. Təbii ki, onların səyləri boşa çıxdı. Kampaniyanın fəalları sözümüzə qüvvət verərək, bütün növ təcavüz aktlarını qınadı, bu məsələnin Avropa Şurası tərəfindən müzakirə olunmasına çağırdı".ARGTMŞ rəsmisi əlavə edib ki, xoşdur ki, ölkə səviyyəsində aparılan planlı və sistemli fəaliyyət ermənilərin bütün sahələrdə təcavüzkarlığının qarşısının alınmasına imkan yaradır və təşkilatın beynəlxalq əməkdaşlığının müxtəlif mərhələlərində ermənilərin bu mənfur niyyətlərinin qarşısı alınır: "Bunu nəzərə alaraq, ölkənin ən böyük gənclər platforması kimi ARGTMŞ bundan sonra da Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası beynəlxalq əməkdaşlığı çərçivəsində mütəmadi olaraq Xocalı faciəsinin soyqırım kimi tanınmasına dəstək verəcək və daima Azərbaycanın maraqlarını təmsil edəcək".

sia.az

Digər xəbərlər