"Manatın məzənnəsinin dollara nisbətdə ucuzlaşmasından sonra ölkədə bəzi qüvvələrin, xüsusilə radikal müxalifətin spekulyativ çıxışları onların arqumentsizlikləri ilə nəticələnir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın iqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov radikal müxalifətin sözügedən məsələ ətrafında sünu ajiotaj yaratmaq cəhdlərinə, eyni zamanda bəzi işbazların şəxsi məqsədləri müqabilində süni qiymət artırmalarına münasibətini bildirərkən deyib.
Aydın Hüseynov deyib ki, əslində ictimai rəydə panika və bu kimi amilləri yaratmağa çalışan həmin tərəflər Azərbaycanın iqtisadi inkişaf faktoruna kölgə salmağa cəhd göstərənlərdir. Lakin bütün bunlara rəğmən, hadisələri doğru qiymətləndirən xalqımız bir daha göstərir ki, onlar belə qondarma siyasətbazların yanında olmayıblar, bundan sonra da olmayacaqlar: "Dünyada gedən iqtisadi proseslər Azərbaycandan yan keçə bilməz. Çünki ölkəmiz dünyanın aparıcı dövlətləri ilə ikitərəfli, çoxtərəfli münasibətlərə malikdir. Hazırda manatın məzənnəsinin dollara nisbətdə aşağı düşməsini düzgün qəbul etmək lazımdır. Güclü iqtisadiyyata, güclü siyasətə malik Azərbaycan hər bir vətəndaşımızın ölkəsidir. Aparılan iqtisadi islahatlar hər birimizə müəyyən qədər təsir edir. Amma bunun fonunda xalqda hər hansı bir mənfi fikir formalaşdırmaq düzgün deyil. Dövlətin əsas vəzifəsi xalqımızın maraqlarını qorumaqdır. Dövlət rəsmilərinin siyasi düşüncəsi, həyata keçirdiyi siyasi fəaliyyət, məhz bu istiqamətdə qurulub. Milli valyutamızın devalvasiyası zamanı ortaya çıxan bir sıra problemləri düzgün analiz etmək və nəticələrə düzgün yanaşmağı labüd hesab edirəm".
YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini onu da bildirib ki, bu gün dövlət hər cəhətdən öz xalqının yanındadır: "Dövlət öz funksiyasını yerinə yetirməkdədir. Bir sıra müxalifət nəşrləri də məsələyə məhz bu aspektdən yanaşmalıdırlar. Bu gün Azərbaycan ös iqtisadi islahatlarını daha da gücləndirmək əzmindərir. Yaxınlarda xalqımız növbəti dəfə bunun şahidi olacaq. Bu baxımdan, bir daha vurğulamaq istərdim ki, hətta radikal müxalifət bir daha sabit və güclü iqtisadiyyatımıza qarşı hər hansı bir spekulyativ məqsədli mitinq, aksiya keçirmək istəsə, növbəti dəfə özü-özünü rüsvay etmiş olacaq. Bir daha deyirəm ki, onların belə ciddi-cəhdləri heç bir nəticə verməyəcək. Çünki xalq öz dövlətinə inanır və onun atdığı bütün uğurlu addımları müdafiə edir".
sia.az