"Çox təəssüf edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistan tərəfindən girov götürülən vətəndaşlarımızla bağlı işğalçı ölkənin tutduğu mövqeyə münasibət bildirərkən deyib.PA rəsmisi bildirib ki, Ermənistan faktiki olaraq beynəlxalq hüquq normalarının bütün prinsiplərini pozur və açıq-aşkar bu mövqeyini dünyaya çatdırır: "Dünyada ikili standartların hökm sürdüyü belə bir zamanda Ermənistanın bu addımları cavabsız qalır. Amma biz Azərbaycan dövləti olaraq Ermənistanı, o cümlədən onun söykəndiyi, arxalandığı bəzi dairələri xəbərdar edirik ki, bu tipli bəyanatlarla, bu tipli təfəkkürlə, siyasi dünyagörüşü ilə dövlət qurmaq, idarə etmək olmaz. Əgər sözün həqiqi mənasında beynəlxalq hüquq normalarına azca da olsa hörmətlə yanaşırlarsa, heç olmasa öz xalqlarının maraqlarını nəzərə alsınlar. Öz xalqını ekstremist fəaliyyətinin girovuna çevirib, qonşulara ərazi iddiaları üzərində meydan oxumaq Ermənistanın və ona rəhbərlik edənlərin gələcəyini şübhə altına qoyur".Ə.Həsənov həmçinin mayın 3-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçiriləcək "parlament seçkiləri"nə də münasibət bildirib: "Dağlıq Qarabağda həyata keçirilən istənilən birtərəfli addım, siyasi, sosial aksiya Azərbaycan tərəfindən müvafiq münasibətlə qarşılaşacaq. Ermənistan dövləti bu əraziləri işğal edib. Onun bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək".
sia.az