PDF Oxu

Siyasət

  • 33

Hüquqi dövlətdə sistemlilik

Hüquqi dövlətdə sistemlilik

Sistemlilik dövlətin də təşkili formalarından biridir

Ə.Qəşəmoğlu yazır: "Sisitem nəzəriyyəsinə Şərq fəlsəfəsinin gözü ilə baxdıqda bu nəzəriyyə daha da dərinləşir və canlanır. Sistemli yanaşma metodu harmoniya, ahəng yolunu dərk etməyə kömək edir. Bu yol isə Allahın yoludur. Sistem - dünyadakı hər bir varlığı, dünyanın özünü elmi dildə ifadə vasitəsidir. Sistemlilik dünyanın öz mövcudluq prinsipidir. Hər hansı bir sahədə ahəng yaratmaq üçün, hökmən sistemli yanaşma metoduna, sistem nəzəriyyəsinə ehtivac vardır. Sistemin yanaşma metodlarını bilmədən dünyəvi elmləri dərindən dərk etmək mümkün deyil. Sistemli yanaşma metodları hər bir problemi həll etməkdə əvəzsiz kömək edir. Sistemli yanaşma metodlarını bilmək hər bir kəsin həyatını daha da maraqlı və mənalı edir. Xalqımızın gələcəyi, hamılıqla sistemli düşüncə tərzinə nə dərəcədə yiyələnə biləcəyimizdən çox asılıdır".

Həyatda, əksər insanların danışığında "sistem" sözünə tez-tez rast gəlmək olar. "Burada sistemlilik yoxdur!", "bu məsələyə sistemli yanaşmaq lazımdır!", "hər sistemin öz xüsusiyyəti var!", "kapitalist sistemi", "sosialist sistemi", "xəstəyə sistem qoşulub", "istilik sistemi", "tənliklər sistemi" və s. kimi ifadələr müxtəlif adamların dilindən tez-tez eşidilir. İnsanların bir çoxu bu sözü işlətsələr də onun mahiyyəti, sistem anlayışı, sistem nəzəriyyəsi, sistemli yanaşma metodları barədə elə bir məlumata malik deyillər. Onlar buna elə bir əhəmiyyət də vermirlər.

Müəllif qeyd edir ki, sistem anlayışının düzgün, lazımi qaydada dərk olunması sistemli düşüncə tərzinin lazımi şəkildə formalaşmasına, insanların hadisələrə sistemli yanaşma metodları ilə baxmasına, dünyanı daha düzgün dərk etməyə, istənilən sahədə idarəetmə poseslərini daha düzgün və effektli şəkildə qurmağa kömək edir.

Bütün fəlsəfə kitablarının öyrətdiyi kimi dünya doğrudan da vəhdətdədir. Həyatda başqa amillərdən tamamilə təcrid olunmuş, bu dünyaya məxsus olmayan qanunlarla yaşaya bilən heç bir obyekt və predmet yoxdur. Bütün varlıqlar bu və ya başqa dərəcədə bir-biri ilə bağlıdırlar. O insan daha ağıllı insandır ki, hər hansı bir məsələ haqqında düşünəndə, hər hansı bir prosesi araşdıranda həmin prosesə təsir edə biləcək daha çox amilləri nəzərə ala bilir. Misal üçün, o şahmatçı daha ağıllı, daha yaxşı şahmatçı sayılır ki, hər bir növbəti gedişin şahmat taxtası üzərində rəqibin hansı gedişləri üçün şərait yaratdığını nəzərə ala, görə bilir.

Ə.Qəşəmoğlu göstərir ki, sistemli düşünə bilmək hər hansı bir hadisəni və prosesi daha əhatəli dərk etməyə, hər bir obyekti daha yaxşı öyrənməyə, daha uğurlu qərarlar qəbul etməyə kömək edir. Cəmiyyətdə, diinyada proseslər, situasiyalar daha da mürəkkəbləşdikcə sistemli düşüncəyə ehtiyac daha da artır. Sistemli düşüncə tərzi sürətli qlobollaşma prosesinin getdiyi indiki dövrün ən zəruri tələbidir. Artıq insanlıq, yer üzərindəki sivilizasiya elə bir səviyyəyə gəlib çatmışdır ki, sistemli düşüncə tərzinə yiyələnməyən insan həyatda bir çox sualların qarşısında aciz qalır. İstər kiçik bizneslə məşğul olan, istər ailə problemlərini həll etmək istəyən insan olsun, istərsə siyasətçi, ölkə rəhbəri, din xadimi, müəllim, alim, bağban - fərqi yoxdur, sistemli düşüncə tərzi hər bir kəs üçün müasir dünyanı dərk etmək, zamandan geri qalmamaq, işlərini nizamlı qurmaq üçün ən vacib vasitədir.

Kainatın və təbiətin bütün qanunları harmoniklik, ahəng prinsiplərinə tabedir. Hər hansı texniki, iqtisadi, sosial və s. sistemlərin fəaliyyətindəki sistemlilik nə qədər mükəmməl olarsa, bu fəaliyyət harmoniya (ahəng) qanunlarına bir o qədər yaxın olar. Amma insan harmoniya qanunlarını axıra qədər dərk etmək imkanında deyil. Sistemli yanaşma, sistemlilik prinsipi bu qanunları daha dərindən dərk etməyə kömək edir. Sistem nəzəriyyəsi ahəngi dərk etmək yolunda ən effektli vasitədir. Sistemli düşüncə tərzi ahəng qanunlarını, ahəng qanunları isə insanın, cəmiyyətin mahiyyətini, təbiəti, kosmosu, ilahi quvvələrin qüdrətini dərk etməyə əvəzsiz kömək edir. Sistemli düşüncə tərzi həm gözə görünən aləmi, həm də gözəgörünməzliyi, ilahiliyi dərk etmək üçün yol göstərir.

Sadə dillə desək, sistemli yanaşma metodları hər hansı bir prosesi, obyekti daha doğru yolla - onun əlaqədə olduğu amillərlə birlikdə araşdırmağa imkan verir. Ona görə də, daha doğru, düzgün düşünmək, uğurlu həl yolları tapmaq, qərarlar qəbul etmək üçün sistemli yanaşma metodlarını bilmək zəruridir, olduqca faydalıdır.

Müəllif yazır: "Ölkə əhalisi sistemli düşüncə tərzinə malik olduqca, biz ölkəmizin tərəqqisinə daha çox nail ola bilər, dünyanın qabaqcıl ölkələri ilə daha çox ayaqlaşar, öz daxili potensialımızı, tariximizin, mədəniyyətimizin, ruhumuzun ən yaxşı tərəflərini, ənənələrini daha uğurla ortaya qoya bilərik".

Sistemli düşünə bilən adam bir çox insanın çaşıb qaldığı əksər suallara məntiqlə tez cavab tapa bilir. Misal üçün, əksər insanlar konkret bir işə başlayanda "nədən başlamalı?", "daha çox uğur əldə etmək üçün işi necə qurmalı?", "konkret bir prosesi lazım olan məqsədə yönəltmək üçün nə etməli?" kimi suallarda bir mistika axtarır, əksər halda "qaş qayırdıqları yerdə göz çıxarırlar". Belə suallara cavab tapmaqda da ən güclü kömək sistemli düşüncə tərzindən, sistemli yanaşma metodlarından gələ bilər. Ölkəmiz üçün ən mühüm problemlərdən biri sayılan "Qarabağ problemini necə həll etməli?" sualının cavabı da sistemli yanaşma metodlarının köməyi ilə daha konkret və uğurlu olaraq tapıla bilər.

Ə.Qəşəmoğlunun fikrincə, sistemli düşüncə tərzinə malik olmaq üçün təbii ki, insanın öz intellektual imkanları mühüm rol oynayır. Amma intellektual imkanı yüksək olmaq hələ sistemli düşüncə tərzinə malik olmaq üçün kifayət deyildir. Bu düşüncə tərzinə malik olmaq üçün hər kəsin "sistem", "sistem nəzəriyyəsi", "sistemli təhlil", "sistemli yanaşma metodları" və b.k. anlayışlar barədə lazımi təsəvvürü olmalıdır. Bu anlayışlar barədə ətraflı məlumat əldə edib, sistemli təhlil, sistemli yanaşma metodlarından müxtəlif yönlərdə istifadə etdikcə insanda sistemli düşünmə vərdişləri yaranır ki, bunun da nəticəsində o sistemli düşüncə tərzinə malik olur.

Elmin öz inkişaf yolunda sistem nəzəriyyəsinin bir elm sahəsi kimi formalaşıb üzə çıxmasını insanların həyatında ən mühüm inqilabi mərhələlərdən biri hesab etmək olar. Elmin, xüsusilə biologiyanın, fəlsəfənin, riyaziyyatın, məntiqin və s. inkişafı ötən əsrdə sistemli düşünməyə, hadisələrə, proseslərə sistemlilik prinsipi ilə baxmağa kömək edə bilən elmi metodların formalaşmasına və təkmilləşməsinə xeyli kömək etdi.

Sistemli yanaşma metodlarının geniş yayılmasına həm bu sahədə nəzəri - mücərrəd elmi-tədqiqat aparan alimlər, həm də sistem nəzəriyyəsindən praktik, praqmatik şəkildə istifadə edən tədqiqatçılar xeyli kömək edir. Birincilər fəlsəfi, riyazi, məntiqi aparatın, ikincilər isə praktik olaraq bu prinsiplərin həyata keçirilməsi metodikalarının hazırlanmasında mühüm rol oynayırlar.

Müəllif yazır: "Əslində dünyada sistem adında heç bir varlıq yoxdur. "Sistem" anlayışı varlıqların mövcud olma, fəaliyyət göstərmə prinsiplərini xarakterizə etmə vasitəsidir. Yəni "sistem" anlayışı bizə imkan verir öyrənək ki, idarə etmək istədiyimiz obyektin bizi maraqlandıran səviyyədəki hissələri hansı qayda ilə qarşılıqlı əlaqədədir və bu hissələr öyrəndiyimiz varlığın mövcudluğunda hansı rolu oynayır? Necə olur ki, həmin hissələr bu qaydada qarşılıqlı əlaqədə belə bir obyektin yaranmasına, bu şəkildə fəaliyyətinə səbəb olur? "Sistem" anlayışı hər bir varlıqda hər bir komponentin konkret rolunu, funksiyasını, missiyasını müəyyənləşdirməyə kömək edir. Hər bir sistem konkret olaraq bir varlığı xarakterizə etdiyindən əksər hallarda sistem dedikdə elə o varlığın özü başa düşülür".

Ə.Qəşəmoğlu göstərir ki, sistem qeyri - adi bir şey deyildir. Dünyada mövcud olan, Allahın yaratdığı hər bir şeydə bir sistem vardır. Sistemli yanaşma - araşdırılan, idarə edilən hər bir şeyi, prosesi təşkil edən sistemi görə bilmək, duya bilmək, nəzərə ala bilmək qabiliyyətidir. İnsan hər hansı bir şeyi təşkil edən sistemi görə bilirsə, həmin şeyi daha yaxşı dərk edir. Bu sistemi daha dərindən dərk etdikcə, sistemin xarakterizə etdiyi şeyi daha dərindən görməyə, tanımağa, hiss etməyə başlayır. Misal üçün, insan maddələri təşkil edən molekulları, onların qarşılıqlı əlaqələrini, fəaliyyət prinsiplərini - maddəni xarakterizə edən sistemi dərk etdikdə, hər bir maddə barəsində təsəvvürü artdı. Sonra molekulların özünü xarakterizə edən sistemi- qarşılıqlı əlaqədə olub molukulu təşkil edən atomları dərk etdikcə maddə barədə təsəvvürü daha da genişləndi. Atomları xarakterizə edən sistem - neytron və protonların qarşılıqlı əlaqə prinsipləri dərk olunduqda, insanın maddə barədə təsəvvürü xeyli dərinləşdi. Yaxud başqa bir misal - avtomobil barədə səthi təsəvvürü olan insan onu təkərlərdən, kuzodan, salondan, fənərlərdən, sükandan, əyləclərdən, sürətdəyişəndən ibarət bir sistem kimi təsəvvür edir. Bir az artıq bilgisi olan, bu sistemdə mühərrikin, benzin bakının, müxtəlif başqa qurğuların, xətlərin də olduğunu təsəvvür edəcəkdir. Peşəkər sürücü avtomobilin nə qədər mürəkkəb bir sistem olduğunu bilir. Avtomobil mühəndisi isə bu sistemi daha dərindən, daha ətraflı şəkildə təsəvvür edir. Sistem nəzəriyyəsi dünyadakı bütün əşyaları, hadisələri, prosesləri xarakterizə edən sistemləri daha dərindən görməyə, insan tərəfindən yaradılan hər bir şeyi müəyyən bir qayda, nizam əsasında yaratmağa imkan verir. Sistemli yanaşma metodları bizə ətrafımızdakıları daha aydın görməyə, qurduqlarımızı daha mükəmməl qurmağa, daha artıq uğur qazanmağa yardım edir.

Sistemli yanaşma ən çox müəyyən bir sahənin öyrənilməsi, prosesin təhlil olunması, idarə olunması zamanı zəruridir. Hər bir sahəni öyrənən, yaxud idarə edən vaxt, bir var həmin sahənin müəyyən bir-iki cəhətinə fikir vermək, bir də var həmin sahəni xarakterizə edən sistemi müəyyənləşdirib öz tədqiqatın, yaxud idarə etmək üçün ən əhəmiyyətli cəhətlərin hamısını öz yerinə yetirdikləri funksiyalara görə nəzərdən keçirməkdir. Sisternli yanaşma dedikdə, araşdırmaları, idarəetməni sistem nəzəriyyəsinin müddəaları əsasında aparmaq nəzərdə tutulur. Bunun üçün, öyrənilən, idarə edilən hər hansı bir obyekti xarakterizə edən sistemi təsəvvür etmək, onu araşdırmaq üçün yararlı bir hala gətirmək, problemin həllində araşdırıcının imkanı daxilində sistem nəzəriyyəsinin müddəalarından istifadə etmək lazımdır.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər