ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 17-yə çatdı
Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Beynəlxalq ictimaiyyət Qarabağda və Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünyanın bir neçə ölkəsi Xocalı soyqırımının rəsmən tanıması barədə qərar qəbul edilib. Faciəni qətliam kimi tanıyan ABŞ ştatları - Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma və başqa ştatlar qətnamələr qəbul ediblər. Daha bir ştatın da adı bu siyahıya əlavə olundu. ABŞ-ın Yuta ştatı da Xocalı soyqırımını tanıyıb. Bu ştatın qubernatoru Qeri Herbert Xocalı soyqırımının ildönümü ilə bağlı imzaladığı məktubda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bu qətliam zamanı uşaq və qadınlar da daxil olmaqla 600-dən çox insanın öldürüldüyünü bildirərək, Yutada, eləcə də bütün dünyada yaşayan azərbaycanlılara Yuta ştatının əhalisi adından başsağlığı verdiyini qeyd edir. Bildirilir ki, bu faciəvi hadisə müharibə zamanı törədilən vəhşilikləri bir daha yada salır və müxtəlif dini, irqi, etnik, milli və mədəni kimliklərə məxsus insanlar arasında daha çox qarşılıqlı anlaşmanın, ünsiyyətin və dözümlülüyün nə qədər zəruri olduğunu göstərir. Beləliklə, ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 17-yə çatıb.
Bildiyimiz kimi, belə bir faciəyə siyasi-hüquqi qiymət vermək istəməyən dövlətlər də var. Təbliğat və təşviqatı daha da gücləndirilməliyik, haqq səsimizi dünyaya lazımi səviyyədə çatdıra bilək. Bu gün təbii ki, Avropa dillərində çap olunuan kitablar, çəkilən filmlər və s. Xocalı həqiqətləri ilə dünya ictimaiyyətini baş-başa qoyur. Beynəlxalq qurumlar qarşısında fikirlərimizi qətiyyətlə söyləyə bilirik. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin artıq coğrafi məkanı ilbəil genişlənir. Bu, Azərbaycanın dünyada formalaşan imicinin məntiqidir.
NƏZAKƏT