"Boris Nemtsovun öldürülməsində Ukraynanın əlinin olması ilə irəli sürülən versiya çox sərsəm iddiadır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Nemtsov Ukrayna prosesləri başlayandan Putini tənqid edirdi və Ukraynaya müdaxilənin əleyhinə çıxırdı: "Boris Nemtsovun bir ayağı Moskvada idi, bir ayağı Kiyevdə. Dünən Ukrayna prezidentinin əmri ilə də Boris Nemtsova "Azadlıq" ordeni verilib. Belə olan təqdirdə də onun Ukrayna tərəfindən öldürülməsi ilə bağlı irəli sürülən iddiaların heç bir əsası yoxdur. Ukraynaya Rusiyadakı bir nömrəli lobbiçisini öldürmək heç cürə sərf etməzdi. Boris Nemtsov vaxtilə varis kimi Yeltsin tərəfindən Rusiya prezidenti seçilməsi nəzərdə tutulan bir şəxs idi lakin bəzi siyasi oyunlar nəticəsində Putin prezident seçilmişdi. Bu nöqteyi nəzərdən yanaşsaq deyə bilərik ki, Nemtsov həm də Putinin siyasi rəqiblərindən biri sayılırdı. Belə olan təqdirdə, onun Ukrayna tərəfindən öldürülməsi ilə bağlı iddia edilən versiya üzərində düşünmək belə qəbahətdir".
sia.az