PDF Oxu

Siyasət

  • 30

.YAP-da gənclərin sayı durmadan artır

.YAP-da gənclərin sayı durmadan artır

YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

Yeni Azərbaycan Partiyası(YAP) Masallı rayon təşkilatı Gənclər Birliyinin(GB) IV konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak ediblər.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra iştirakçılar təşkilatın inzibati binasının akt zalında YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlərlə bağlı hazırlanmış foto-slaydı izləyiblər.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev konfransı açıq elan edərək bildirib ki, YAP üzvü olan gənclərin düzgün formalaşdırılması ölkə rəhbərliyinin yürütdüyü siyasətində önəmli yer tutur: "Ulu öndər Heydər Əliyevin gənclər siyasəti də əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Gənclər yeni potensial olaraq güc, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütunları deməkdir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə nailiyyətlər qazanırlar".

Konfransda YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, müasir Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk illərdə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb: "ümummilli liderin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc təhsil üçün xarici ölkələrə göndərilib. Sevindirici haldır ki, bu siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə qəbul edilən və uğurla icra olunan 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı sayəsində minlərlə gənc xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alıb və hazırda bu proses davam edir".

YAP-ın fəaliyyətində gənclərin rolunu xüsusi olaraq vurğulayan V.Rəhimzadə sözlərinə belə davam edib: "bu gün regionun ən böyük siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının 650 min nəfərə yaxın üzvü var ki, onların da 40 faizdən çoxunu məhz gənclər təşkil edir. Bu yüksək göstəricidir və Partiya rəhbərliyinin gənclərə nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir. Bu gün Yeni Azərbaycan Partiyası sıralarında birləşən gənclər sağlam ruhlu, vətənpərvər, yüksək intellektə, savada, idarəçiliyə malikdirlər. Onlar ölkədə gedən bütün ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Hər zaman ulu öndər Heydər Əliyevin ideyalarını dəstəkləyən bu gənclər ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər".

Sonra tədbirdə YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin hesabatı dinlənilib. Məlumat verilib ki, rayon təşkilatının Gənclər Birliyi III konfransından ötən müddət ərzində gənc üzvlərin sayı 1668 nəfərdən 2803 nəfərə çatıb. Bu rayon təşkilatında olan üzvlərin 28%-i deməkdir. Gənclər Birliyi üzvlərinin 863 nəfərini isə gənc qadınlar təşkil edir. Təkcə 2014-cü ildə partiya sıralarına qəbul edilənlərin 53.7 %-i, yəni 282 nəfərini gənclər təşkil edib ki, bunun da 86 nəfəri gənc qadınlar olub. Görülən tədbirlər nəticəsində partiya sıralarına gənclərin daxıl olması bu il də davam etməkdədir. Cari ilin 2 ayı ərzində partiya sıralarına 256 nəfər daxil olub, onların 167 nəfəri gənclər(58 nəfəri gənc qadınlar) olub. Bu da 2015-ci ildə partiya sıralarına daxil olan üzvlərin 65.2 %-ni təşkil edib.

Ümumi tərkibdə təhsilinə görə gənc YAP üzvlərinin 31%-ni yəni 868 nəfəri ali, 15.3%-ni yəni 429 nəfərini orta ixtisas təhsilli gənclər təşkil edir. Təhsildə 862 nəfər, səhiyyədə 186 nəfər, elm, mədəniyyət və incəsənətdə 91 nəfər, idarəetmə orqanlarında 95 nəfər, digər sahələrdə isə 1128 nəfər gənc çalışır. İdman sahəsində olanlardan 6 gənc idman ustası, 4 nəfəri ustalığa namizəd, 2 nəfəri əməkdar müəllim, 2 Respublika cempionu, 1 nəfəri Dünya ikincisidir.

Tədbirdə bildirilib ki, YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi, yaradıcı və intellektual bacarıqlarının artırılması, sağlam yetişməsi, dövlətçilik ideyalarına sadiqlik və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, bütövlükdə rayonun və respublikanın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilib.

Çıxışçılardan Gənclər Birliyinin sədri Seymur Nuriyev bildirib ki, bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. "bu siyasətin təməlində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq, bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib mühüm addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm

rol oynayırlar. Ötən bələdiyyə seçkilərində partiyamızın qarşısında duran məqsədlərdən biri də seçkilərə gənclər və gənc qadınlarla getmək və onların qələbələrini təmin etmək idi. Bələdiyyə seçkilərində əldə olunmuş nəticələr bunu bir daha sübut etdi ki, bələdiyyə seçkilərində də, gənclərimizə etimad göstərildi və 366 bələdiyyə yerinə 124 gənc YAP üzvünün namizədliyi irəli sürüldü. Onların 116-sı müvafiq bələdiyyələrə seçildilər. Bələdiyyələrə seçilmiş gənc YAP üzvlərinin dördü gənc qadın olmaqla 8-i bələdiyyə sədri, 17 nəfəri isə bələdiyyə sədrinin müavini oldular".

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb və YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin 27 nəfərdən ibarət Şurası, 11 nəfərdən ibarət İdarə Heyətinin üzvləri seçilib. İştirakçıların yekdil rəyi ilə Hüseynov Məmmədhüseyn Rizvan oğlu YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri, Əliyev Cəlal Aftandil oğlu sədrin I müavini, Əsgərov Tofiq Asif oğlu və Bəşirova Kəmalə Məsləhət qızı müavinləri seçiliblər. Konfransda YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr də seçilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Zati-Aliləri cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət ünvanlanıb.

sia.az

Digər xəbərlər