"1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşdükdən sonra İdman Fondunu təsis edərək bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. O gündən etibarən idman sahəsində uğurların davamlı olması danılmaz faktlardandır". Bu fikirləri SİA-ya Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov gənclərlə iş və idman sahəsində əldə olunan uğurlara münasibətini açıqlayarkən deyib.Nəcəf Novruzov Ulu Öndər ideyalarını, siyasi xəttini bütün əməlləri ilə özündə birləşdirən Ölkə prezidenti cənab İlham Əliyevin məhz on il sonra həmin tarixdə-martın 5 də Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün qeyd edilməsi ilə bağlı əhəmiyyətli Sərəncam imzaladığını da deyib: "Həmin tarixdən etibarən ölkəmizdə 5 mart tarixi idman günü kimi rəsmən qeyd olunmaqdadır. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. Bu isə məntiqi nəticə olaraq əldə etdiyimiz uğurları davamlı məcraya yönəldir. Beləliklə ölkə gənclərinin sağlam ruhda böyüməsi, inkişafı üçün ölkədə həyata keçirilən mütəmadi tədbirlər öz uğurlu nəticələrini verir. İdmanın inkişafı ildən-ilə ölkəmizdə geniş vüsət alaraq Azərbaycanı artıq dünyanın idman mərkəzlərindən birinə çevirib. Əbəs yerə deyil ki, bu ilin yayında ilk dəfə olaraq ölkəmizdə Avropa Oyunları keçiriləcək. Bu oyunlar Avropanın digər ölkələrində də keçirilə bilərdi. Lakin Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi yüksək nüfuzu Avropa Oyunlarına ev sahibliyi etməsinə böyük zəmin yaratdı. Bu, onun göstəricisidir ki, Azərbaycanın inkişaf və tərəqqi perspektivləri bütün sahələri əhatə edib. İqtisadi potensialımızın, sosial rifah halımızın yüksəlməsi bütün qeyd olunan fikirlərdə öz təsdiqini tapır. Ümumiyyətlə, Azərbaycan dünya arenasında bir mərkəzə çevrilib. O mərkəzə ki, gələcək illərdə də ölkəmizdə daha geniş miqyaslı beynəlxalq tədbirlər reallaşdırılacaq. Bu, bizim hər birimiz üçün fəxrdir, qürurdur".Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi onu da qeyd etdi ki, idmançıların maddi rifah halının, sosial təminatının gücləndirilməsi, onlara dövlət qayğısının göstərilməsi, fəxri adlarla təltif olunması bu sıralamada davamlı xarakter alıb: " Biz gənclər də məhz bu faktorları ön götürərək dövlət başçımızın ətrafında daha sıx birləşməkdəyik. Sağlam bədəndə sağlam ruh olar pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlət kimi öz inkişafı ilə qürur duyur".
sia.az