"Məlumdur ki, artıq ABŞ-ın 17 ştatı Xocalı soyqırımını tanıyıb və bu da dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasətin bariz nümunəsidir. Bu gün isə İsrail rəsmilərinin Xocalı soyqırımı ilə bağlı fikir bildirmələri Azərbaycanın uğurudur". Bu fikirləri SİA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva İsrail rəsmilərinin Xocalı soyqırımı barədə çıxış etmələrinə, bəyanatlar səsləndirmələrinə münasibətini bildirərkən deyib. Millət vəkili qeyd edib ki, son illərdə həyata keçirilən "Xocalıya Ədələt" kampaniyası ermənilərin iç üzünü beynəlxalq arenaya çıxarmaqda xüsusi rol oynayır: "Kampaniya çərçivəsində geniş auditoryalara məruzə edilərkən, demək olar dünya ictimaiyyəti bu faciədən xəbərsiz idi. Məhz bunu əlimizdə rəhbər tutaraq beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə hər il müxtəlif ölkələrdə Xocalı ilə bağlı bir çox tədbirlər keçirildi ki, bu da təkcə anma mərasimləri deyil, həmçinin aksiyalar, yürüşlər şəklində də baş tutdu. Xaricdə yaşayan insanlar arasında Xocalı faciəsini təbliğ etməklə dünya ölkələrinin buna siyasi qiymət verməsinə nail olmuşuq. Beynəlxalq təşkilatlarda, beynəlxalq tribunalarda Azərbaycan tərəfindən bu məsələ aktual şəkildə dəfələrlə qaldırılıb. Amma soyqırımının siravi insanlar arasında yayılmasından sonra düşünürəm ki, effekt daha yüksək oldu".Sevinc Fətəliyeva bildirib ki, Xocalı soyqırımında insan hüquqlarının pozulduğu, vəhşiliklərin törədildiyi faktları ilə insanlar tanış olduqdan sonra bu istiqamətdə uğurlar daha çox əldə edilib: "Hesab edirəm ki, nəinki İsrail, eyni zamanda bütün dövlətlər zaman gələcək Xocalıya öz hüquqi qiymətlərini verəcəklər".
sia.az