Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstanın Baş naziri Boyko Borisovun mətbuat konfransı
Xəbər verdiyimiz kimi, martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub. Baş nazir Boyko Borisov: - Hörmətli cənab Prezident, Sizi və nümayəndə heyətinizi Bolqarıstanda səmimiyyətlə salamlayıram. Bu, Sizin üçgünlük səfərinizin əhəmiyyətinin bariz nümunəsidir, bizim strateji tərəfdaşlığa olan münasibətimizdir. Biz cənab Prezidentlə bir sıra məsələləri müzakirə etdik. Ancaq indi sözü cənab Prezident Əliyevə vermək istərdim ki, ilk olaraq o, öz çıxışını etsin. Təşəkkür edirəm.
Prezident İlham Əliyev bəyanatla çıxış edib:
"Çox sağ olun hörmətli cənab Baş nazir. lk növbədə məni Bolqarıstana dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bu gün biz Sizinlə Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini çox səmimi şəkildə müzakirə etdik və bir daha gördük ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq əlaqələridir. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. İlk növbədə, siyasi əlaqələr yüksək səviyyədədir. Biz Sizinlə mütəmadi qaydada görüşürük. Siyasi əlaqələrin güclü olması, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də görüşümüz zamanı müzakirə edilmişdir və Bolqarıstan bu əlaqələrin inkişafında çox mühüm rol oynayır. Təbii ki, bu gün danışıqların əsas mövzusu energetika məsələləri, "Cənub" qaz dəhlizinin icrası məsələsi idi. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. Uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr bu gün "Cənub" qaz dəhlizinin reallaşmasına xidmət göstərmişdir. İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə məşğuldur və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. "Cənub" qaz dəhlizi isə, sadəcə olaraq, Avropada bu gün reallaşan ən böyük infrastruktur layihəsidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, "Şahdəniz" qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu - TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik - TAP layihəsinin tikintisi "Cənub" qaz dəhlizini formalaşdıran seqmentlərdir. Bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən ilin sentyabr ayında Bakıda "Cənub" qaz dəhlizinin təməli qoyulmuşdur. Bu ilin fevralında isə Bolqarıstanın energetika nazirinin iştirakı ilə Bakıda "Cənub" qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin birgə Məşvərət Şurası keçirilmişdir.
Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı prioritet bazardır. Azərbaycanın bu istiqamətdə təşəbbüs olaraq irəli sürdüyü layihələr Avropa qurumları tərəfindən də dəstəklənir. Əslində, keçən ay Bakıda keçirilən birinci Məşvərət Şurası işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur. Biz ümid edirik ki, Bolqarıstan-Azərbaycan əlaqələri, eyni zamanda, "Cənub" qaz dəhlizinin digər üzvləri ilə bərabər apardığımız işlər bu layihənin vaxtında icra edilməsinə gətirib çıxaracaq və bir neçə ildən sonra böyük həcmdə Azərbaycan qazı Avropaya nəql ediləcəkdir."
Daha sonra Baş nazir Boyko Borisov bəyanatla çıxış edib: "Sizə təşəkkür edirəm, cənab Prezident.
İcazənizlə, bizim media mənsubları üçün əlavə məlumat vermək istərdim ki, bu görüşlərdə Veliko Tırnovo şəhərinin meri də iştirak edir. Bizim bu şəhərdə gələcək layihələrimiz var. Bu şəhər Azərbaycana növbəti maraqlı layihələrini təklif edir. Bu, çox gözəl bir şəhərdir və ümid edirəm ki, turistlərin də marağına səbəb olacaq. Ümidvaram, bu məsələyə də diqqət yetirildi ki, biz "Nabucco" layihəsinin də yenidən bərpa edilməsinə önəm veririk. Bu layihədə Bolqarıstan çox sadiq tərəfdaş olmuşdur və biz digər ölkələrdən fərqli olaraq üzərimizə düşən 3-cü enerji paketi çərçivəsində bütün öhdəliklərimizi yerinə yetirmişik.
Cənab Prezident İlham Əliyev və SOCAR-ın nümayəndəliyi ilə bərabər biz yenidən həmin təkliflər paketini Avropa İttifaqı məmurlarının diqqətinə çatdıracağıq ki, bu məsələdə Bolqarıstana hər hansı bir maneə törətməsinlər. Biz heç də yalnız Avropa Komissiyasının maraqlarını müdafiə etməklə məşğul olmamalıyıq. Uzun illərdir biz bu layihələrin inkişafına böyük sərmayələr qoymuşuq, böyük səylər göstərmişik. O da bir faktdır ki, həmin layihənin səhmləri Azərbaycan tərəfindən də əldə edilə bilər. Bu da bizim üçün, Bolqarıstan üçün əlavə mənfəət deməkdir.
Bolqarıstanın bütün siyasi partiyalarının nümayəndələri Azərbaycanda səfərdə olublar, Azərbaycanı sevirlər, bu ölkəyə böyük rəğbət bəsləyirlər. Ona görə də zənnimcə, Bolqarıstanda hansı partiyanın iqtidarda olmasından asılı olmayaraq bu layihələr üzrə bütün işlər uğurla gedəcək. Bu, bizim əlavə imkanlarımızdır, bizim qaz və nəqliyyat sisteminin inkişafı deməkdir. Bu, bizim nəqliyyat və boru kəmərləri sisteminin şaxələndirilməsi deməkdir. Bu, Avropaya da yeni mənbələrin əldə edilməsinə şərait yaradır. Əminəm ki, burada heç bir maneə olmayacaq və Avropa Komissiyası bu məsələdə bizi tam dəstəkləyəcək. Cənab Prezident Əliyev, Sizi əmin edə bilərəm ki, bu məsələdə Siz Bolqarıstanın tam dəstəyinə arxalana bilərsiniz. Bizim hökumətimiz bu danışıqlarda birmənalı olaraq bu əməkdaşlığın tərəfdarı kimi çıxış edəcək və bu məsələnin, yəni, "Cənub" qaz dəhlizinin ən qısa zamanda inkişaf etdirilməsinə və reallaşdırılmasına çalışacaq."
Sonra Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov jurnalistlərin suallarını cavablandırdılar.
Sual ("24 saat" qəzetinin müxbiri): Strateji tərəfdaşlıq və "Nabucco" layihəsinin inkişafı ilə bağlı sual vermək istərdim. Necə düşünürsünüz, bu layihə nə zaman reallaşdırıla bilər? Bu layihə "Cənub" qaz dəhlizinə alternativ layihədirmi?
Baş nazir Boyko BORİSOV: "Nabucco WEST" "Cənub" qaz dəhlizinin bir tərkib hissəsidir. Bu, Avropa Komissiyasının ilk prioriteti olmuşdur. Trans-Adriatik boru kəməri barədə isə demək istərdim: bu, Bolqarıstan üçün çox nadir bir şans olardı ki, bizim böyük şirkətimiz bu böyük layihənin tərkib hissəsi olsun. Bu məsələ Brüsseldə müzakirə mövzusu kimi qaldırılmalıdır.
Sual: Cənab Prezident Əliyev, Siz belə qənaətdəsinizmi ki, bu gün Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlığın yeni səhifəsi açılır və tərəflər hansı mənfəət əldə edəcəklər, burada hansısa bir mənfi məqam varmı? Azərbaycan qazının Bolqarıstan istiqamətində nəql edilməsi Avropa İttifaqına üzvlüyün bir hissəsi hesab oluna bilərmi, yoxsa bu, digər bir sahəyə aid məsələdir?
Prezident İlham ƏLİYEV: Bu gün əslində əlaqələrimizin yeni dövrü başlayır. Bu barədə mən öz fikirlərimi bildirdim. Əslində bizim əlaqələrimizin strateji mahiyyəti artıq bir neçə ildir ki, özünü göstərir. Sadəcə olaraq, bu gün biz bu əlaqələri formalaşdırdıq. Əlbəttə ki, bu, görülən işlərin təzahürüdür, eyni zamanda, hər iki tərəfə yeni imkanlar verir və hər iki tərəfin məsuliyyətini artırır. Strateji tərəfdaşlıq, hesab edirəm ki, ölkələr arasındakı əlaqələrdə ən yüksək bir formatdır. Bu gün bu format onu göstərir ki, bizim əlaqələrimiz doğrudan da strateji əhəmiyyət daşıyır. Burada siyasi əlaqələr mühüm yer tutur. Eyni zamanda, bu gün Prezident Plevneliyev ilə imzaladığım strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində həll edilməsi də öz əksini tapıbdır. Enerji sahəsindəki əməkdaşlıq bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələrinin tərkib hissəsidir və mən çox şadam ki, Azərbaycanın bütün layihələri Avropa İttifaqı tərəfindən dəstəklənir. 2011-ci ildə Avropa Komissiyasının prezidenti ilə Bakıda imzaladığım enerji sahəsində strateji tərəfdaşlıq haqqında Bəyanat artıq özünü göstərməkdədir. Bundan sonra enerji sahəsindəki əməkdaşlıq, əlbəttə ki, bizim əlaqələrimizin əsas hissəsi olacaq. Amma mən çox istərdim ki, digər sahələrdə də biz buna oxşar nailiyyətləri görək - investisiyalar, ticarətin artması və digər layihələr ki, bu barədə artıq cənab Baş nazir də öz fikirlərini bildirdi.
Sual: İkitərəfli məsələlərin müzakirəsinə gəldikdə, Siz qeyd etdiniz ki, biz "Nabucco"nu bərpa etmək istərdik, amma "Şahdəniz-2" layihəsi çərçivəsində, TAP dəhlizi boyu. Bu, artıq TAP layihəsindən kənara çıxmaq demək deyilmi?
Baş nazir Boyko BORİSOV: Cənab Prezident dediyi kimi, hər iki qaz kəmərinin doldurulması, təmin edilməsi məsələsi ortaya çıxır. Yəni, burada artıq söhbət iki kəmərin doldurulmasından gedir. Bir neçə il bundan öncə "Cənub axını" layihəsi Avropa İttifaqı üçün prioritet layihə idi. Burada heç Ukraynanı təcrid etməkdən söhbət getmirdi. "Nabucco" da eyni dərəcədə prioritet bir layihə hesab edilirdi. Amma artıq görünür ki, vəziyyət dəyişir. Bolqarıstan üçüncü enerji paketinin tələblərinə birmənalı olaraq sadiq qalır. Mən heç də başa düşə bilmirəm ki, nədən bu layihə reallaşa bilməz. Çünki Azərbaycan kifayət qədər qaz ehtiyatlarına malikdir. Bizim də qaz qəbul etmək imkanlarımız genişdir. Zaman olduqca dinamik şəkildə inkişaf edir və gördüyünüz kimi, artıq bir çox sahədə də ikitərəfli layihələr yaradır. Bir həftə bundan öncə cənab Prezident Əliyevlə də müzakirə apardıq. Bu sahədə ilk görüşümüz də dünən olubdur.
Prezident İlham ƏLİYEV: Azərbaycanın çox zəngin qaz ehtiyatları vardır və əlbəttə ki, "Cənub" qaz dəhlizinin əsas resurs bazası "Şahdəniz" qaz yatağıdır. "Şahdəniz" qaz yatağının resursları 1 trilyon kubmetrdən çoxdur. Ancaq Azərbaycanın ümumi qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. "Cənub" qaz dəhlizi əslində bir neçə layihəni özündə ehtiva edir. Bu barədə mən öz fikirlərimi bildirdim. TAP layihəsi "Cənub" qaz dəhlizinin ayrılmaz hissəsidir. TAP marşrutu əsas ixrac marşrutu kimi seçiləndə bəzilərinə elə gəldi ki, "Nabucco" layihəsi artıq tarixdə qaldı. Ancaq reallıqda biz nəyi gördük? Biz gördük ki, "Nabucco"nun üzvü olan Bolqarıstan artıq "Cənub" qaz dəhlizinin üzvüdür. Yəni, TAP layihəsinə biz "Cənub" qaz dəhlizinin tərkib hissəsi kimi baxmalıyıq. Əgər biz "Cənub" qaz dəhlizinin marşrutunu götürsək, yəni, bu bir xətdir. Bakıdan başlayıb İtaliyada başa çatan xətt. Amma bu xəttin bir neçə qolları ola bilər və artıq bir qol yaradılmaqdadır. Bolqarıstan-Yunanıstan qaz birləşməsi bu qolun bir hissəsidir. Eyni zamanda, artıq Azərbaycan ilə Balkan ölkələri arasında bu sahədə aparılacaq əməkdaşlığa dair memorandumlar imzalanmışdır. Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina ilə artıq memorandumlar imzalanmışdır. İonik-Adriatik qaz kəmərinin tikintisi indi danışıqlar mövzusudur. Eyni zamanda, Bolqarıstan ərazisindən qonşu ölkələrə - Rumıniyaya, Macarıstana xəttin çəkilişi də artıq reallaşır. Biz bu gün bu barədə fikir mübadiləsi apardıq. Ona görə, siz haqlısınız, "Şahdəniz" qazının istehlakçıları bəllidir. Ancaq yaxın zamanlarda Xəzərin Azərbaycan sektorunda "Abşeron" yatağı istifadəyə veriləcək. "Ümid" yatağında çox böyük qaz ehtiyatları vardır. Ümid edirəm ki, bu iki yataqdan yaxın 5-6 ildə ən azı əlavə 5-6 milyard kubmetr qaz hasil ediləcəkdir. Eyni zamanda, "Şahdəniz" yatağının ikinci mərhələsi 16 milyard kubmetrdən daha çox qaz hasil edə bilər. Yəni, bütün bunları nəzərə alaraq, bu gün biz TAP layihəsini "Nabucco" layihəsi ilə bir növ birləşdirmək əzmindəyik. Söhbət ondan getmir ki, bu layihələrə hansı ad verəsən. Əsas məsələ və bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycan öz qazını maksimum həcmdə Avropa məkanına nəql etsin və nə qədər mümkündürsə, o qədər də çox Avropa ölkələri bu qaza çata bilsinlər.
Sonra Bolqarıstanın Baş naziri Boyko Borisovun adından nahar verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb. Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.