4-5 mart 2015-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi və deputatlar Elton Məmmədov və Malik Həsənovun daxil olduğu Milli Məclisin İsveçrə Parlamenti ilə dostluq qrupu İsveçrəyə rəsmi səfər edib. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, Milli Məclisin nümayəndə heyəti ilk öncə İsveçrə Parlamentinin binası ilə tanış edilib, daha sonra Parlamentin hər iki palatasının iclaslarında fəxri qonaq qismində iştirak edib və palata sədrləri tərəfindən rəsmən salamlanıblar. Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Parlamentin fəxri qonaqlar kitabında xatirə qeydi edib.Bundan sonra, nümayəndə heyəti ilk öncə Parlamentin aşağı palatası olan Milli Şuranın Sədri Stefan Rossini, daha sonra isə Kantonlar Şurasının Sədri Klod Eş tərəfindən ayrı-ayrılıqda qəbul edilib. Milli Məclisin Sədr müavini Bahar Muradova Milli Məclisin Sədri Oqtay Əsədovun salamlarını S. Rossini və K. Eşə çatdırıb. Hər iki görüşdə tərəflər Azərbaycanla İsveçrə arasında müxtəlif – siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə, o cümlədən ölkələrin parlamentləri arasında əməkdaşlıqdan məmnunluq ifadə edib, bu əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatlarda davam etdirilməsi və daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin Sədr müavini Bahar Muradova beynəlxalq ictimaiyyətin, o cümlədən bir dost ölkə olaraq İsveçrənin Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkməsi üçün bu ölkəyə təsir edəcəyinə ümid etdiyini bildirib. Azərbaycan tərəfinin mövqeyini gözəl anladıqlarını qeyd edən palata sədrləri bu münaqişənin ədalətli həlli üçün İsveçrənin hər cür yardım etməyə hazır olduqlarını qeyd ediblər.Azərbaycan nümayəndə heyətinin İsveçrə Parlamentinin Azərbaycanla Dostluq qrupunun sədri Kristina Eqerzeqi-Obrist və sədr müavini Filippo Lombardi ilə görüşündə tərəflər iki dostluq qrupu arasında mövcud əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da gücləndirilməsi imkanları, müxtəlif beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində qarşılıqlı dəstək məsələlələrini müzakirə ediblər.Daha sonra nümayəndə heyəti, İsveçrə Parlamentinin hər iki palatasının xarici siyasət komitələrinin sədrləri Feliks Qutzviller və Karlo Sommaruqa ilə görüşüblər. Görüşdə komitə sədrləri Azərbaycan və İsveçrə parlamentləri arasında müxtəlif formatlarda əməkdaşlıqdan və bunda hər iki dostluq qrupunun oynadığı roldan məmnun olduqlarını qeyd edib və qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlıq, vətəndaş cəmiyyətinin fəaliyyəti və s. ətrafında fikir mübadiləsi aparıblar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı K. Sommaruqa beynəlxalq hüququn prinsiplərinin əsas götürülməli olduğunu söyləyib və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyini vurğulayıb. F. Qutzviller, həmçinin Azərbaycanda gedən inkişaf və abadlaşdırma prosesinin şəxsən şahidi olduğunu və bunun onda xoş təəssürat oyatdığını bildirib.Həmin gün Milli Şuranın Sədri Stefan Rossininin adından nümayəndə heyətinin şərəfinə şam ziyafəti verilib.Martın 5-də Milli Məclisin nümayəndə heyəti ilk öncə İsveçrə Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye ilə görüşüblər. Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, o cümlədən İsveçrənin ATƏT troykasına daxil olan ölkə kimi buna verə biləcəyi töhfə, Azərbaycan və İsveçrə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq, vətəndaş cəmiyyətinin fəaliyyəti və s. məsələləri müzakirə ediblər.Daha sonra nümayəndə heyəti Bern şəhərinin meriyasında olub və şəhər meri Aleksandr Çeppet ilə görüşüb. A. Çeppet azərbaycanlı deputatları İsveçrədə bələdiyyələrin işinin təşkili, Bern bələdiyyəsinin fəaliyyəti və ümumilikdə İsveçrə federal sistemində bələdiyyələrin yeri və rolu barədə məlumat verib.Rəsmi səfər İsveçrənin tarixi ilkin orta əsrlər dövründən başlayan yaşayış məskəni Qrüyeri ziyarətdən ibarət mədəni proqramla davam edib. Qrüyer meri Jan-Pyer Duta ilə görüşən nümayəndə heyəti bu qəsəbə ilə Azərbaycanın müvafiq qəsəbəsi arasında mümkün əməkdaşlıq ideyası ətrafında fikir mübadiləsi aparıb.
sia.az